Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu il ticarət dövriyyəsinin artdığı qeyd olunub.
Bildirilib ki, görüş keçirildiyi vaxtda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.
Məlumata görə, görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub.
Xəbərə görə, söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın (Bu ilin əvvəlində yaradılıb) fəaliyyəti və gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.
Xatırlatma
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.