İ.Əliyev: 'Ermənistandan bununla bağlı cavab gəlməyib'

Görüş

Azərbaycan avtomobil yolunun öz ərazisində tikintisini qrafik üzrə aparır, amma Ermənistan heç işə başlamayıb. Bunu Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavini Aleksey Overçuku aprelin 26-də qəbul edərkən deyib.

Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiya regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasını müzakirə edir.

İ.Əliyev bununla əlaqədar dəmiryolun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib: "Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib".

Prezident Əliyev daha öncə də Ermənistanın ünvanına oxşar iradlar səsləndirsə də, həmin ölkə rəsmiləri bu məsələni şərh etməyib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.