Prezident jurnalistlərin həbsini şərh etdi: 'O demək deyil ki, bizdə media azad deyil' [Video]

Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında

"Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirlərdən qorumalıyıq". Bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Mətbuat konfransında prezidentə jurnalist İmran Əliyevin həbs edilməsi, ailəsinin onun hüquqlarının pozulduğunu deməsi ilə bağlı sual verilib.

İ.Əliyev suala cavab olaraq bunları deyib: "Azərbaycanda heç bir senzura yoxdur. Azad internet fəaliyyət göstərir. Yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər".

Prezidentin əlavə etməsinə görə, fərdi hadisələrə gəldikdə isə, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar: "Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanıb, bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir və əgər qanunsuz xaricidən vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir".

Son aylar Azərbaycanda aralarında meclis.info saytının təsisçisi İmran Əliyev olmaqla 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Dünən, aprelin 25-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.

Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.

Üstəlik, əvvəlki illərdə də Azərbaycanda jurnalistlərdən, bloqerlərdən həbs edilənlər olub.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

Aprelin 25-də prezident İ.Əliyev Almaniyaya işgüzar səfərə gedib. O, orada "15-ci Petersberq İqlim Dialoqu" konfransında iştirak edib.