Prezident İlham Əliyev mayın 10-da xalqa müraciətində 30 il öncə cəmi bir il ölkəyə rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsi (AXC)-Müsavat hakimiyyətini bir sıra məsələlərdə ittiham edib. Prezidentin sözlərinə görə, həmin vaxt talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos vardı, torpaqlar əldən gedirdi: "Ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar".
İ.Əliyevin deməsinə görə, Şuşa 1992-ci ildə məhz milli xəyanət və satqınlıq nəticəsində "təhvil verilib".
Arif Hacılı: "…O gəlirlərin hara getməsinin müəyyənləşdirilməsinin tərəfdarıyıq"
1992-1993-cü illərdə Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə iş üzrə dövlət müşaviri işləyən, Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Əliyevin çıxışı bütövlükdə ən yaxın, yaddaşdan silinməyən tarixin təhrif olunmasından ibarətdir. Onun deməsinə görə, Azərbaycanın rayonlarının əksəriyyəti məhz indiki prezident İlham Əliyevin atası Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra işğal olunub.
Yanacaq satılması ilə bağlı dövlət başçısının sözlərinə gəlincə isə, A.Hacılı deyib ki, əgər belə bir fakt olubsa, bu fakt təqdim edilməlidir: "Əgər belə bir fakt olubsa, İlham Əliyev bu faktı ortalığa qoysun və fakt araşdırılsın. Yanacaq satışı faktı mövcuddursa, biz də bu faktın araşdırılmasının, o gəlirlərin hara getməsinin müəyyənləşdirilməsinin tərəfdarıyıq".
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Halbuki Rusiya silahlı qüvvələri 1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin istəyi ilə Azərbaycandan çıxarılmışdı.