"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır". AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 23-də prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Amma dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir", - prezident diqqətə çatdırıb.
Xatırlatma
Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş 2020-ci ilin əvvəllərindən məhdudlaşdırılıb. Həmin vaxt bu, koronovirus pandemiyası ilə izah edilib.
2022-ci il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı koronovirus pandemiyasının sona çatdığını açıqlayıb. Amma Azərbaycanın quru sərhədlərində məhdudiyyətlər qalır. Rəsmilər indi də bunu təhlükəsizlik amili ilə izah edirlər. Amma bu hal zaman-zaman ölkə vətəndaşlarının, xüsusilə də müxalifətçi fəalların etirazlarına səbəb olur. Müxalif düşərgədə hesab edirlər ki, hakimiyyət bununla daha çox iqtisadi məqsədlər güdür. Onların fikrincə, Azərbaycan vətəndaşları qonşu ölkələrə quru sərhədlərlə alış-verişə gedə bilmədiklərindən bu, ölkədən daha çox valyuta çıxarılmasının qarşısını alır. Üstəlik, onlar deyir ki, son illər ölkədə təyyarə biletləri də kəskin artmaqla haqsız qazancların əldə edilməsinə imkanlar yaranıb. Müxalif düşərgədə habelə vurğulayırlar ki, bununla Azərbaycan xalqı siyasi baxımdan da məhdudiyyətlərə öyrəşdirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir