Əliyev Ermənistanın sülh sazişi ilə bağlı təklifini reallıqdan kənar sayır

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

"Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz".

AZƏRTAC-ın xəbərinə görə bunu oktyabrın 14-də prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

"Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı", - xəbərdə əlavə edilir.

Ermənistan rəsmiləri son aylar dəfələrlə bəyan ediblər ki, onlar sülh sazişinin tezliklə bağlanmasına tərəfdardırlar. Baş nazir Nikol Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışı zamanı bunları demişdi: "Azərbaycan prezidenti və mən dəfələrlə qeyd etmişik ki, qeyd olunan sazişin ən azı 80 faizi razılaşdırılıb. İndi Ermənistan bu tarixi fürsətdən yararlanmaq və dalana dirənmək riskindən qaçmaq üçün əvvəllər razılaşdırılmış hissələr üzrə Sülh Sazişi bağlamağı, sonra isə qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir".

Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildən başlayaraq isə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyat nəticəsində Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb.

Rəsmi Bakı ötən il birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirlər" elan etsə də, Yerevan onu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Qarabağdakı tanınmayan qurumun rəhbəri 2024-cü ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Amma indi bununla bağlı Yerevandan ziddiyyətli bəyanatlar eşidilir.

Buna da bax: Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh əlçatandır