İlham Əliyev: Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb

İlham Əliyev

Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri sentyabrın 6-da prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışında deyib.

Daha sonra o, sərhədin delimitasiya və demarkasiyası prosesindən bəhs edib.

"13 kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək", - o vurğulayıb.

Ermənistandan deyilənlər...

Ermənistan baş naziri Nikol Paşinyan bugünlərdə demişdi ki, sülh sazişi layihəsinin 17 bəndindən 13-ü tam razılaşdırılıb. "Təklif edirik ki, indiki məqamda razılaşdırılanları imzalayaraq ratifikasiya edək, qalan məsələlər üzrə müzakirələri davam etdirək", – o bildirib.

Azərbaycan prezidenti İ.Əliyev isə bundan əvvəl bəyan edib ki, Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsi sülh sazişinin imzalanmasından ötrü vacib şərtdir. Bakı həmin sənəddə Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirir.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrı vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, nəticə əldə edilməyib. Amma ötən ildən başlayaraq tərəflər sərhədin delimitasiyası üzrə birbaşa danışıqlara başlayıblar. Bu danışıqlar çərçivəsində bu ilin aprelində Azərbaycana nəzarətində olmayan dörd kəndin, Ermənistana isə müəyyən ərazilərin qaytarıldığı açıqlanıb.

Bu ilin aprelinə qədər Azərbaycan səkkiz kəndinin, Ermənistan isə 30-dan çox kəndinin ərazilərinin işğalda olduğunu deyirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa edib. Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.