Fevralın 19-də Ankarada Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra onların iştirakı ilə bir neçə sənəd imzalanıb.
Sənədlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu olub.
Habelə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanıb.
+++
Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Türkiyəyə səfər edib. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşib.
Türkiyə, Azərbaycan dövlət başçıları və hökumət rəhbərlərinin seçkilərdən sonra ilk olaraq bir-birlərinə səfər etmək ənənəsi var. 21 ildir ölkəyə rəhbərlik edən İ.Əliyevin də bu ay keçirilən növbəti prezident seçkisindən qalib ayrıldığı açıqlanıb. Amma o, bu səfərdən iki gün əvvəl Münxen Təhlükəsizlik Konfransının işinə də qatılmışdı.