Prezident ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Görüş

Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Polşanın Xarici İşlər naziri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev görüşdə deyib ki, Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində onları daim dəstəklədiyinə görə Polşaya minnətdardırlar: "Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaq. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq".

Prezidentin vurğulamasına görə, artıq bir neçə görüş olub və onlar Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməlidirlər: "Mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq".

Prezidentin qeyd etməsinə görə, münaqişə artıq öz həllini tapıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağda sülh cəhdləri - Vaşinqtonun təmsilçiləri də təmaslarını sıxlaşdırır

Z.Rau da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirib.

Polşanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Z.Rau martın 29-da regiona səfər edib. O, bu gün, martın 31-də Azərbaycanda görüşlərə başlayıb.

Xatırlatma

ATƏT-in Minski qrupu uzun müddət Qarabağ danışıqlarında vasitəçi olub. ABŞ, Rusiya və Fransa qrupda həmsədr ölkələrdir. Amma onun vasitəçiliyi ilə aparılan danışıqlar nəticələr verməyib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mətbuat konfransı

Ceyhun Bayramov Zbiqnev Raunla Ukraynadan danışıb

Azərbaycanda səfərdə olan Polşanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunla bu gün, martın 31-də Xarici İşlər naziri Ceyhun Bayramov da görüşüb. Onlar görüşdən sonra birgə mətbuat konfransı da keçiriblər.

C.Bayramov deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş qarşılıqlı faydalı və bərabərhüquqlu formatda işlənib hazırlanır. Onun sözlərinə görə, sazişin çox yaxın zamanda tamamlanması gözlənilir.

Nazir qeyd edib ki, digər məsələlərlə yanaşı, Ukrayna ətrafında olan məsələləri də müzakirə ediblər: "Humanitar böhran və bu kimi məsələlər də müzakirə mövzusu oldu. Bölgəmizlə bağlı məsələləri də müzakirə etdik".

XİN başçısı vurğulayıb ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar 20 minə yaxın Azərbaycan vətəndaşı bu ölkəni tərk edib.

C.Bayramov Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yeni imkanlar yarandığını söyləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Həm Bakı, həm də Yerevan sülh danışıqlarına başlamağa çağırır

Z.Rau isə bildirib ki, ATƏT regionda təhlükəsizlik vəziyyətindən narahat olur. "Rusiyanın Ukraynaya qarşı əsassız aqressiyası ATƏT-in mövcudluğunu təhdid edir, çünki qurumun əsas missiyası regionda münaqişələrin həlli istiqamətində çalışmaq və dialoq kanallarını açıq saxlamaqdır", - o vurğulayıb.

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna ,Moldova və Belarus) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə Ermənistanla isə tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, hələlik, onların arasında saziş imzalanmayıb. Belarus əməkdaşlığı dayandırıb.