Səmərqənddə Əliyev Çin və Türkiyə liderləri ilə görüşüb

Görüş

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Tsinpin ilə də görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb.

Məlumata görə, sonda dövlət başçıları əlaqələrin dərinləşdirilməsi və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirdilər.

***

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Habelə dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər, gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan prezidenti Özbəkistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Özbəkistana səfər edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə gerçəkləşən bu səfərdə məqsəd Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının Səmərqənddə keçiriləcək Zirvə görüşündə iştirak etməkdir.

İ.Əliyevin bu səfər çərçivəsində bir sıra dövlət başçıları ilə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi də gözlənir.

Sammitdə 10-dan çox ölkənin liderinin iştirak edəcəyi bildirilib. Bura üzv və müşahidəçi ölkələrin liderləri, habelə qonaqlar daxildir.

Sammitdə geosiyasi məsələlər, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilməlidir.

Sentyabrın 15-də başlayan sammit iki gün sürməlidir.

2001-ci ildə yaradılan Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Tacikistan daxildir.

Bu gün, sentyabrın 15-də İran təşkilata üzv qəbul olunub.

Belarus, Əfqanıstan və Monqolustan ŞƏT-in müşahidəçi, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Şri-Lanka və Türkiyə isə tərəfdaş ölkələr sırasındadır.

Ermənistan lideri Nikol Paşinyanın sammitə qatılmayacağı gözlənir.