İlkin Süleymanovun yaxınları ona azadlıq istəyir

Sizin brauzer HTML5-i dəstəkləmir

İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur

Avqustun 11-də Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə azyaşlı Nərmin Quliyevanın ölümündə ittiham edilən İlkin Süleymanovun məhkəməsi davam edib.

Bu barədə AzadlıqRadiosuna proses iştirakçıları məlumat verib. Onların deməsinə görə, hakim N.Quliyevanın valideynlərini dinlədikdən sonra proses sentyabrın 8-ə qədər təxirə salınıb.

Məhkəmə qarşısında toplaşan İ.Süleymanovun yaxınları da "İlkinə azadlıq", "Əsl cinayətkar cəzalandırılsın" şüarları səsləndirib.

Vəkili Əlibaba Rzayev də deyib ki, İ.Süleymanovun həmin qətli törətməsini sübut edən bir dənə də olsun dəlil yoxdur.

"Sadəcə, 2020-ci ilin yanvarında Süleymanovun evinin yanına Nərminin yanmış meyitini atıblar və İlkin bu barədə polisə məlumat verib", - vəkil vurğulayıb.

Müdafiə tərəfi hesab edir ki, məhkəməni yanlış tərəfə çəkməkdə maraqlı qüvvələr var.

Amma Nərmin Quliyevanın yaxınları jurnalistlərə açıqlamalarında fərqli fikir söyləyiblər. Onlar vurğulayıb ki, "İlkin Süleymanovu dövlət həbs edib, demək, bildikləri nəsə var...".

Sizin brauzer HTML5-i dəstəkləmir

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İ.Süleymanov isə dörd gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldıqdan sonra etiraf ifadəsinə məcburən imza atdığını bildirib. Baş Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.