Ukraynanın Xarkov vilayətində Rusiya ordusuna qarşı döyüşdə rusiyalı keçmiş müxalifətçi İldar Dadin həlak olub. O, Ukrayna tərəfdə döyüşürdü.
Dadinin ölümünü “The Insider” nəşrinə “Rusiyanın Azadlığı” legionundan təsdiqləyiblər.
Dadinin ölümü barədə ilk dəfə jurnalist Kseniya Larina yazıb. Məlumatı Ukraynada yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryov da təsdiqləyib.
“Elə indicə İldar Dadinin həlak olması xəbəri gəldi. Xarkovşinada döyüşdə”, – Larina oktyabrın 5-də axşam X platformasında yazıb. O daha sonra “Sota” nəşrinə deyib ki, bu haqda ona Gazprombank-ın keçmiş vitse-prezidenti İqor Volobuyev danışıb. O da Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşür.
Dadinin ölümünün detalları açıqlanmır.
Bundan öncə onun “Sibir batalyonu”nun tərkibində döyüşdüyü xəbər verilirdi. Ancaq İ.Ponomaryovun bildirdiyinə görə, ötən ilin dekabrında Dadin “Rusiyanın azadlığı” legionuna keçib.
“Dadin maddəsi”
“Current time” yazır ki, Dadin Rusiyada ilk dəfə mitinqlərin keçirilməsi qaydalarının dəfələrlə pozulmasına görə mühakimə olunub. 2016-cı ilin martında o bu iş üzrə iki il yarım həbs məhkum edilib. Fəalın mühakimə olunduğu maddəni qeyri-rəsmi olaraq “Dadin maddəsi” adlandırıblar.
Bir il sonra fəal Kareliyadakı 7 saylı cəzaçəkmə müəssisəsində ona verilən işgəncələrdən danışıb.
2017-ci ilin fevralında Ali Məhkəmə Dadinə hökmü ləğv edib, ona reabilitasiya hüququ tanıyıb. Həmin ilin dekabrında o, qanunsuz cinayət təqibinə görə hökumətdən 2 milyon 200 rubl kompensasiya alıb.
Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müdaxiləyə başlayanda İldar Dadin həmin ilin martında Rusiyadan Polşaya gedib. Bir il ərzində Polşada sənədlərini qaydaya salıb ki, Ukraynada könüllü batalyonlarından birinə qoşula bilsin.
Dadin özünə hindistanlı siyasətçi Mahatma Qandinin şərəfinə “Qandi” ləqəbini götürüb. Qandi dinc mübarizə tərəfdarı idi.