Məhbus mübadiləsi çərçivəsində Rusiya həbsxanasından azad edilmiş siyasətçi İlya Yaşin Almaniyada ona təklif olunan siyasi sığınacaqdan imtina edib. Bu haqda o, "Bloomberg" agentliyinə açıqlama verib.
Yaşin deyib ki, siyasi qaçqın statusu ondan ötrü qəbuledilməzdir, çünki bu onun heç vaxt Rusiyaya gedə bilməyəcəyi deməkdir. Yaşin Almaniyada digər əsaslarla yaşamaq izni almağı düşünür.
Almaniya hökuməti agentliyə bu informasiyanı şərh etməyib.
"Bloomberg" onu da yazır ki, Yaşin Avropa hökumətlərini Ukraynadakı müharibə, Rusiyada repressiyalarla əlaqəsi olan rusiyalılara qarşı şəxsi sanksiyaları genişləndirməyə inandırmaq istəyir. "Onların sayı iki min deyil, iyirmi min olsun", – o deyib.
Yaşin həbs olunanadək, həbsdə yatanda da dəfələrlə deyib ki, hətta azadlıq qarşılığında belə Rusiyadan çıxmağa razı deyil. Dediyinə görə, onu öz iradəsi əleyhinə ölkədən çıxarıblar.
İ.Yaşin Rusiya müxalifətçiləri içində daha çox tanınanlardandır. 2022-ci ildə o, ordu barədə saxta xəbərlər yaymaq ittihamı ilə 8 il həbsə məhkum edilib.
Bu il avqustun 1-də Yaşin və Rusiyadan daha 15 siyasi məhbus ABŞ və Almaniyada cəza çəkən rusiyalılarla dəyişdirilib.