Kənddən gəlib Bakıda iş tapdı, amma sevinmədi...

Parnik

"Gənclərə iş yoxdur, torpaq verilmir, dövlət vətəndaş kimi sahib çıxmır bizə... Paytaxta gəlirik ki, bəlkə bir işin qulpundan tutaq, çulumuzu sudan çıxaraq. Gəlirik, avara-sərgərdan dolanırıq, iş tapana qədər ya şərə düşürük, ya cinayətkar şəbəkələrə... Həyatımız məhv olub gedir".

26 yaşlı İskəndər Adilov İmişlinin Xəlfəli kəndindən Bakıya iş axtarmağa gəlib. Üçüncü ildir ki, Bakıətrafı şəxsi bağlarda bağbanlıq edirmiş. Bu ilin mayında bağa köçən yeni sahibi ona başqa yerdə iş axtarmasını tapşırıb.

Buna da bax:​ 'Gənclərin çoxu hökumətin iş verəcəyinə inanmır'

“TORPAQLAR İMKANLILARINDIR”

İskəndər deyir, imkanı olsa, qayıdıb Xəlfəlidə oturar. Ancaq kənddə yaşayış mümkün olmadığından elə Bakıdaca gah tikintilərdə, gah da bağ evlərində mövsümi iş axtarmağa başlayıb:

"İki uşağım, anam, arvadım və mən... İnanın ki, yükü çəkə bilmirəm. Anam yüksək təzyiqdən, şəkərdən əziyyət çəkir. Oğlum epilepsiya xəstəsidir. Kəndə qayıdım, hansı işin qulpundan yapışım? Atadan qalma evdə qardaşımın ailəsi yaşayır. Əsgərlikdən qayıtdım, bələdiyyəyə müraciət elədim ki, mənə bir az torpaq versin, bir tərəfində iki otaq tikim, yığışım içərisinə, bir tərəfində də bostan düzəldim, ordan dolanım. Torpaqlar imkanlılarındır. Rayonda, kənddə yaxşı nə varsa, 5-6 nəfərindir. 5-6 nəfər yaşayır, qalanları sürünür".

Buna da bax:​ Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media

Nəhayət, İskəndər Zirə bağlarında yaradılmış kənd təsərrüfatlarından birində bostançı işi tapıb. Təsərrüfat sahibi ilə razılaşmalarına görə, bütün günü işləyib günün sonunda gündəlik zəhməthaqqı əvəzinə bostanda yetişənlərdən götürüb gedəcək. Ailə üzvləri ilə qonşuluqdakı bağın yardımçı otağında daldalanacaq:

"Bu da mövsümi işdir. Üzü payıza yenə başqa iş axtarmalı olacam. Xəstə anamla, azyaşlı və xəstə uşaqlarla hara qədər belə davam edəcək, bilmirəm. İstədiyim odur ki, öz kəndimdə mənə torpaq, təsərrüfatda iş versinlər, vallah, Bakının yolunu da unudaram. Kənd yerlərində gənclər məhv olub gedir".

Buna da bax:​ Müharibədə ayağını itirmiş hərbçi: '143 manatla dolana bilmirəm'

QAROVULÇU HƏBS OLUNUB

İskəndərlə bərabər Bakıya gələn həmkəndliləri Tariyel və Cavid tikintidə işləyirmiş. İskəndər deyir, 24 yaşlı Cavidin qarovulçu işlədiyi tikinti ərazisində tikinti materialları oğurlanıb. Sonradan bəlli olub ki, oğurluğun başında elə tikintini aparan şirkətin sahibinin yaxın qohumu dayanıb. Buna baxmayaraq, Cavid həbs edilib:

"Yazıq, Kürdəxanıdadır. Oğurluğu eləyən imkanlının balası çıxdı, qaldı kənarda, qarovulçunu atdılar həbsə... Təzə evlənmişdi, eləcə deyirdi, ‘ata olmağa hazırlaşıram, maaşımı yığıram, kənddə uşağa yığıncaq keçirdəcəm’. Uşaq doğulanda Cavid həbsdə idi. Deməyim odur ki, çörək dalınca gəlirik, hərəmizin başı bir bəlada..."

Buna da bax:​ 'İş yerlərində bədbəxt hadisələr artır'

İmişli rayon icra hakimiyyətindən bildiriblər ki, rayonda gənclərin vaxtlarını səmərəli keçirmələrindən ötrü hər cür şərait yaradılıb. İşsizliyə gəlincə, hökumət bu problemi də həll etməyə çalışır: "Pambıq yığmağa adam axtarırıq, hardadı o gənclər? Axtaranda biri də ortaya çıxmır. Adamlar özləri tənbəlləşiblər, "hazıra nazir" olmaq istəyirlər".

Ancaq İskəndər heç də "hazıra nazir" gəncə oxşamır. O, Zirə bağları massivində varlı-karlı bir insanın əkin təsərrüfatında çalışır. Di gəl, bir neçə aydan sonra yenə özünə iş axtarmalı olacaq...