İllik inflyasiya yenə ikirəqəmli olub

Statistika Komitəsi

2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 11.6 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 13.4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5.4 faiz artıb.

AYLIQ MÜQAYİSƏDƏ DƏ BAHALAŞMA

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, bu ilin oktyabrında sentyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.3 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 2.3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1.1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.2 faiz yüksəlib.

UN, MAL, QOYUN VƏ TOYUQ ƏTİ... BAHALAŞIB

Məlumata görə, ay ərzində düyünün, unun, makaronun, qarabaşağın, mal, qoyun və toyuq ətinin qiyməti artıb. Balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının da bahalaşdığı bildirilir.

Bunlardan başqa, şəkər, şəkər tozunun, şokoladların, konfetlərin, qəhvə və çayın da qiymətlərində artım müşahidə edilib. Habelə, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, kartofun, kökün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma olduğu qeyd edilir.

Almanın, limonun, naringinin, heyvanın, narın, xurmanın, soğanın, kələmin və balqabağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

ƏKSƏR QEYRİ-ƏRZAQ MƏHSULLARI DA BAHALAŞIB

Oktyabr ayında sentyabrla müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyimlərin, ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının da qiymətlərinin yüksəldiyi deyilir.

Həmçinin, xalçaların, zərgərlik məmulatlarının, şüşə məmulatlarının, yemək qablarının, məişət cihazlarının, telefonların, fotoaparatların, dəftərxana ləvazimatlarının və minik avtomobillərindən ötrü ehtiyat hissələrinin qiymətlərində artım olub.

Ay ərzində stomatoloji xidmətlərin də bahalaşdığı bildirilir. Hava və dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin isə ucuzlaşdığı qeyd edilir.