Azərbaycanda informasiya almaq hüququnun pozulduğu tanınıb

Rövşən Hacıyev

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 9-da Azərbaycana münasibətdə ilk dəfə informasiya əldə etmək hüququnun pozuntusunu tanıyıb.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.

"Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıyevin işi Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsiri barədə məlumatların verilməməsi və yerli məhkəmələrin bundan şikayəti təmin etməməsi ilə bağlı idi.

Ərizəçi Konvensiyanın 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinə söykənərək AİHM-ə dövlət orqanlarının ictimai maraq kəsb edən məlumatları qapalı tutmasından və bununla bağlı məhkəmə qərarlarının qanunsuzluğundan şikayət etmişdi. Şikayətlər AİHM-ə 2012-13-cü illərdə təqdim edilmişdi. AİHM hər iki iş üzrə ərizəçinin Avropa Konvensiyasının 10-ci və 6-cı maddəsi ilə təminat altına alınan hüququnun pozulmasını tanıyıb.

Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçiyə 1500 avro təzminat ödəməlidir.

Bu qərara, hələlik, Azərbaycanda cavabdeh qurumların və Məhkəmə Hüquq Şurasının münasibətini almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Jurnalsitlərdən qaçan mətbuat xidmətləri niyə cəzalanmır?

Xatırlatma

1985-ci ildən fəaliyyət göstərən sovet ordusuna məxsus Qəbələ Radiolokasiya Stansiyası təqribən 6 min km məsafədə erkən xəbərdarlıq imkanlarına malik olub. Sovet İttifaqının dağılmasından sonra stansiya Azərbaycanın mülkiyyətinə keçsə də, icarə müqaviləsi əsasında Rusiya tərəfindən idarə edilib. 2012-ci ildə stansiya bağlanıb və avadanlıqları Rusiyaya aparılıb.

Azərbaycan prezidenti 2001 və 2003-cü illərdə stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla əhalinin sağlamlığına və ətraf mühitə nəzarət üzrə Azərbaycan-Rusiya birgə komissiyası yaradılıb, səhiyyə naziri komissiyanın sədri təyin edilib.

2010-cu ildə ərizəçi komissiyanın fəaliyyət göstərib-göstərmədiyini öyrənmək üçün Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərib, stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsiri ilə bağlı hesabatların surətinin ona verilməsini istəyib. Səhiyyə Nazirliyi sorğuya cavab verib, bildirib ki, komissiya hesabatı hazırlayıb, ancaq Nazirlər Kabinetinə göndərib.

İstədiyi sənədləri hər iki qurumdan əldə edə bilməyən ərizəçi məhkəmədə iddia qaldırıb. Yerli məhkəmələr bu iddianı təmin etmədiyindən həm Səhiyyə Nazirliyi, həm də Nazirlər Kabineti ilə bağlı AİHM-ə şikayətlər verib.