Antiinhisar araşdırmasını gözləmədən internet qiyməti artırılır

Aztelekom

Avqustun 15-də axşam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan "Aztelekom" dövlət telekommunikasiya provayderi davam edən antiinhisar araşdırmalarına baxmayaraq, fiber-optik (GPON) internet xidmətlərinin yeni tariflərini müəyyənləşdirib.

Yenidən nəzərdən keçirilmiş tariflərə əsasən, minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə yüksəlib. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s-ə 30 manat və 250 Mbit/s-ə 36 manat ödəməlidirlər. Bundan əvvəl 40 Mbit/s sürətli ən aşağı paket 18 manata başa gəlirdi.

Elan Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlaması fonunda verilib. Avqustun 14-də qurum "Aztelekom" və "Baktelecom"un tətbiq etdikləri qiymət dəyişikliklərinin yoxlanılmasına başlayıb. Araşdırmada məqsədin provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə və yeni tariflərin hüquq normalarına uyğunluğunu müəyyən etməkdir: "100 Mbit/s-dən aşağı internet sürəti seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksəksürətli internet paketlərinin yüksək qiymətə təqdim olunacağı müəyyən edilib".

Hələlik, məsələyə "Aztelekom" və başqa provayderlərdən münasibət almaq mümkün olmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 1.6 milyon internet abunəçisi var. Avqustun 15-də bir çox abunəçilər internetin sürətindən şikayətləniblər.

Bundan əvvəl...

Ötən ay ölkə mediasında "Aztelekom" və "Bakı Telefon Rabitəsi"nə istinadən avqustun 15-dən internetin qiymətlərində dəyişiklik olacağı açıqlanmışdı.

Açıqlamada həmin qurumlar bunu müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatı ilə izah edirlər: "Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma, əhalinin yüksək sürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir".

Həmin vaxt Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə demişdi ki, hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir: "İndi isə minimal 100 Mbit/s üçün 25 manat olacaq. Görünür, provayderlər, o cümlədən dövlət provayderləri bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər".