Azərbaycanın iqtisadi artım proqnozu salına bilər

Foto illüstrasiya

-

Dünya Bankının (DB) Azərbaycan üzrə iqtisadi artım proqnozunu azaldacağı gözlənilir. Bank hökumətə tövsiyə edəcək ki, neft gəlirlərindən asılılığı azaltsın, struktur islahatlarını sürətləndirsin. Bu barədə «Reuters» agentliyi bazar ertəsi bankın yerli menecerinə istinadla məlumat yayıb.

«Hazırda 2016-cı il üçün 0.8 faizlik iqtisadi artım proqnozlaşdırılır, ancaq son proseslərdən sonra bu proqnoza yenidən baxılacaq», - Larisa Leshchenko agentliyin suallarını yazılı cavablandırıb. O, yeni proqnozu açıqlamayıb, ancaq söyləyib ki, kəskin fiskal konsolidasiya, bank sektorunda əsaslı qənaət tədbirləri və neftin qiymətinin düşəcəyi ilə bağlı gözləntilər iqtisadi mənzərəyə mənfi təsir göstərir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatı 3.2 faiz azalıb. Ötən ilin eyni dövründə artım 4.3 faiz idi. Hökumət bu il 1.8 faizlik artım gözləyir.

L.Leshchenko deyib ki, Azərbaycan neftin ucuzlaşmasına uyğunlaşmaq kimi ağrılı bir proses yaşayır, ancaq iqtisadiyyatın diversifikasiyası üçün əsaslı imkanlar da mövcuddur.

«Özəlliklə, kənd təsərrüfatı, emal sənayesi valyutanın devalvasiyasından faydalana, yerli və xarici bazarlarda daha artıq rəqabətlilik əldə edə bilər», - o deyib.

L.Leshchenko-nun sözlərinə görə, Dünya Bankı hökumətlə bir sıra tədbirlər üzərində işləyir: «Bilirik ki, hökumət struktur islahatlar proqramı hazırlayır və DB gərəkən dəstəyi göstərməyə hazırdır».

Onun dediyinə görə, bank tezliklə məcburi köçkünlər üçün iqtisadi imkanların artırılmasını hədəfləyən 50 milyon dollarlıq kredit üzrə yekun danışıqlara başlayacaq. DB bu yaxınlarda Azərbaycanda yol təmirinə 140 milyon dollar ayırıb.

Bu ilin əvvəlində Beynəlxalq Valyuta Fondu və DB Azərbaycana mümkün maliyyə yardımını müzakirə edirdi. Ancaq Bakı sonucda həmin yardımı istəmədi.