İranın nüvə danışıqlarında keçmiş danışıqçısı, Qərb təhsilli Abbas Araqçi ölkənin xarici işlər naziri postuna namizəd olub. İslahatçı prezident Məsud Pezeşkian avqustun 11-də onun namizədliyini irəli sürüb.
Yeni seçilmiş Pezeşkian nazir postlarına öz namizədlərinin siyahısını İslam Məşvərət Assambleyasına təqdim edib.
61 yaşlı Araqçi 2013-21-ci illərdə İranla Qərb ölkələri arasında nüvə danışıqlarında əsas təmsilçi olub. O, həmçinin İranın Estoniya, Finlandiya və Yaponiyada elçisi olub.
Həsən Ruhaninin prezidentliyi dövründə Araqçi Xarici İşlər Nazirliyinin sözçüsü idi. Ölkənin sərt xətt tərəfdarları Ruhanini səkkiz illik hakimiyyəti dövründə islahat cəhdlərinə görə sərt tənqid ediblər.
Araqçi 2013-cü ildən xarici işlər nazirinin müavini olub.
İranın keçmiş xarici işlər naziri, dünya gücləri ilə 2015-ci il tarixi nüvə sazişinin əsas danışıqçılarından biri olmuş Məhəmməd Cavad Zərif avqustun 12-də ötən həftə təyin olunduğu vitse-prezident vəzifəsindən istefa verdiyini bəyan edib.
Zərid X platformasında yazdığı postda istefasının bir neçə səbəblərini göstərir.
Bunlardan biri də övladlarının ABŞ vətəndaşı olmalarına görə daim təzyiqlərlə üzləşməsidir:
“Mən ötən həftə strateji məsələlər üzrə vitse-prezident vəzifəsindən istefa vermişəm. Mən utanıram ki, hökumət təyinatlarına ekspert rəylərini layiqincə tətbiq edə, hökumətə qadınların, gənclərin və etnik azlıqların daxil edilməsinə dair vədimə əməl edə bilməmişəm”.
İranın yeni prezidenti Məsud Pezeşkian Zərifi öz müavinlərindən biri təyin etmişdi.
Pezeşkianın ötən bazar günü parlamentə təqdim etdiyi kabinetin tərkibində bir qadın vardı.
Şərhçilər bildirirlər ki, Pezeşkianın kabinet tərkibi İranın islahatyönlü düşərgəsi tərəfindən kəskin tənqid edilir, çünki heyətə mərhum prezident İbrahim Rəisinin kabinetindən mühafizəkarlar da daxil edilib.
Zərif bunu da vurğulayıb ki, o istefasına baxmayaraq prezident Məsud Pezeşkianı dəstəkləməkdə davam edəcək:
“Mənim mesajım əziz cənab Pezekiandan məyusluq və peşmançılıq və ya reallığa qarşı olmağımın ifadəsi deyil. Bu daha çox mənim strateji məsələlər üzrə vitse-prezident kimi faydalı ola biləcəyimdən şübhəmlə bağlıdır”.