Nağı Mahmudi Abbas Lisaniyə dəstək verənlərin sayının səkkiz nəfərə çatdığını bildirir. Onlar Ərdəbil və Tehranın Evin həbsxanasında saxlanılan türk milli fəallardır.
+++
İranda milli fəallardan olan 5 məhbus - Abbas Lisani, Yusuf Kari, Əli Vasiqi, Rza Vasiqi və Mehrdad Şeyxi həbsxana səlahiyyətlilərinin davranışına etiraz olaraq aclıq aksiyasına başlayıblar. Bu haqda məlumatı AzadlıqRadiosuna əslən İrandan olan Nağı Mahmudi verib.
"Abbas Lisani adi məhbuslarla eyni yerdə saxlanmasından narazıdır, onun kimi siyasi motivlərlə həbs edilən məhbuslarla saxlanmaq istəyir. O, buna görə aclıq edir, digərləri də Abbas bəyə dəstək veriblər", – N.Mahmudi bildirir.
O, narahatlıq üçün əsas olduğunu deyir: "Neçə gün əvvəl bir xuliqanı onun olduğu bölməyə köçürüblər. Belə hallarda bəzən adi məhbuslar həbsxana məsullarının tapşırığı əsasında siyasi məhbuslara hücum çəkirlər. Buna qədər bir neçə siyasi məhbusu İranın müxtəlif həbsxanalarında öldürüblər".
Nağı Mahmudi Abbas Lisaninin səhhətində bəzi problemlər olduğunu və aclığın sağlamlığına ziyan vurduğunu da qeyd edir.
Əslən İrandan olan, ABŞ-da yaşayan Ramin Cabbarlı isə Abbas Lisani və Yusuf Karinin quru aclığa başladıqlarını, sudan da imtina etdiklərini bildirir. Ramin Cabbarlı aksiya haqqında İran mediasının xəbər yaymadığını da qeyd edir.
İranda yaşayan türklər, əsasən, ana dilində tədris tələb edirlər. Beynəlxalq qurumlar bu və başqa haqlarını tələb edənlərin həbsini, ayrıseçkiliyə, bəzən işgəncəyə məruz qalmalarını pisləyir. İran hakimiyyəti isə bu haqda, adətən, susur.