İran “Washington Post” qəzetinin müxbiri Jason Rezaian və daha üç amerikalını həbsxanadan azad edib.
39 yaşlı Rezaian ötən il İran məhkəməsi tərəfindən casusluq ittihamı ilə məhkum edilmişdi.
Hazırda azad olunmuş amerikalıların təyyarə ilə İsveçrəyə aparıldığı xəbər verilir. Buradan onlar tibbi müayinədən keçmək və mümkün müalicə almaq üçün ABŞ-ın Almaniyadakı hərbi-hava bazasına köçürüləcəklər.
Mərhəmətə mərhəmət
Bununla əlaqədar, ABŞ hökuməti Amerika həbsxanalarında olan 7 iranlıya “mərhəmət göstərilməsi” qərarına gəldiyini bəyan edib.
Digər üç amerikalının adları Saeed Abedini, Amir Hekmati və Nosratollah Khosravi-Roodsari olaraq açıqlanıb.
35 yaşlı Saeed Abedini xristian keşişidir və o, 2012-ci ildə “evdə kilsə təşkil etdiyinə” görə həbs edilmişdi. 32 yaşlı Amir Hekmati Amerika dəniz piyadasıdır. O dörd il həbsxanada olub.Khosrawi-Roodsari adlı şəxsin isə ümumiyyətlə həbs olunması barədə xəbər verilməmişdi.
ABŞ rəsmiləri bildirirlər ki, məhbusların azad edilməsi prosesində diplomatik kanallar fəal olub.
Rəsmi məlumatda deyilir ki, İran tərəfi həmçinin “itkin amerikalı” Robert Levinson-un yerinin müəyyənləşdirilməsində əməkdaşlıq edəcəyini bildirib.
ABŞ həmçinin axtarışda olan 14 iranlının adlarını İnterpolun siyahısından çıxaracağını vəd edib.
İranın dövlət mediası bildirib ki, İran vətəndaşları Nader Modanlo, Bahram Mechanic, Khosrow Afghani, Arash Ghahreman, Tooraj Faridi, Nima Golestaneh və Ali Saboun bu siyahıda olan 14 nəfərin arasındadır.
Kerry və Zarif Vyanadadırlar
Bütün bu proseslər İranın üzərindən sanksiyaların qaldırılacağına dair xəbərlərin ardınca başlayıb.
İranın xarici işlər naziri Javad Zarif hazırda Vyanada John Kerry ilə nüvə danışıqlarının ən son mərhələsindədir.
Beynəlxalq Atom Energetikası Agentliyi İranın dünya gücləri ilə imzaladığı sazişə müvafiq olaraq bütün tələbləri yerinə yetirdiyi barədə elanını tezliklə açıqlamalıdır.
Bundan sonra İran üzərindəki sanksiyalar rəsmən başa çatmış olacaq.
Artıq bu bazar ertəsi yarım milyon barrel İran neftinin bazarlara axacağı gözlənilir.
Bununla yanaşı, İranın Qərb banklarında saxlanan milyardlarla dollar vəsaitinin üzərindəki həbs qaldırılacaq.