İyulun 5-də Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirdi və Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi.
Son illər İran-Azərbaycan münasibətləri gərgindir. Münasibətlərin xüsusi gərgin fazası bu ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumundan sonra başlayıb.
Ekspertlər hesab edir ki, İran-Azərbaycan münasibətlərinin normallaşmasının bir neçə şərtləri var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Turana bildirib ki, İranın xarici işlər naziri Azərbaycanın səfirliyinə hücum edən şəxsin cəzalandırılmasından qəti danışmadı: “O öz tvitter hesabında bildirdi ki, əgər belə bir şey varsa, tapılacaq. Yəni qeyri-dəqiq və şərti cümlələri qurdu. Ona görə də Azərbaycana gəlməmişdən əvvəl onun tvitterdə yazdığı fikirlər riyakarlıqdan başqa bir şey deyil. Çünki görüş zamanı o Azərbaycan Prezidentindən xahiş etdi ki, Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etsin, Azərbaycan Prezidenti isə dedi ki, biz terrorçuların cəzalandırılacağına ümid edirik. Ancaq İranın xarici işlər naziri həmin terrorçuların cəzalandırılması barədə heç nə deməyib”.
Deputat qeyd edib ki, başqa bir tərəfdən Azərbaycana gəlməmişdən bir neçə gün qabaq Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən deyil, Türkmənistan və Xorasan üzərindən çəkilməsi barədə müzakirələr aparılıb: “Belə olan halda biz İranın riyakar siyasətini 30 ildir tanıyırıq, bu gün də bu siyasət davam edir. Hesab efirəm ki, İranın xarici işlər naziri öz sözlərində səmimi deyildi”.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, münasibətlərin yaxşı olması həm Azərbaycana, həm İrana lazımdır: “İran istəmir ki, bu bölgədə İsrail güclü olsun, Azərbaycanda İsrailin güc potensialı olsun. Həmçinin İran sanksiyalar altındadır, ciddi iqtisadi problemləri var. Bu baxımından İran əlavə başağrısı və regionda əlavə düşmənin olmasını istəmir”.
Buna da bax: İran Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıbEkspertin fikrincə, Azərbaycanla İran arasında bir neçə problem var: “Biri Zəngəzur projesidir. İlham Əliyevin Zəngəzur ritorikası, keçən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması İranı narahat edir. İranın istəyi odur ki, onunla Ermənistan arasında olan sərhəd dəyişməsin və orada hər hansı bir dəhliz olmasın. İkinci məqam isə İsraillə Azərbaycanın arasında ilk növbədə hərbi sahədə münasibətlərin daha da dərinləşməsidir. Bu, İran üçün narahatedici faktordur”.
Onun fikrincə, Azərbaycan üçün isə narahatedici faktor o idi ki, İranın birbaşa Qarabağ erməniləri ilə bir kommunikasiyası var idi, İrandan Ermənistan vasitəsilə Qarabağa silah göndərilirdi:
“İndi bunun qarşısı alındı, Laçında nəzarət-buraxılış məntəqəsi quruldu. Azərbaycanın digər istəyi də odur ki, İran Zəngəzur dəhliz ( Ermənistanın Sünük bölgəsindən keçəcəyi gözlənən ) məsələsinə müdaxilə və Ermənistana bu mənada təzyiq etməsin. Digər problem İranın Azərbaycanda dini şəbəkəsinin qurmasıdır. Azərbaycanın istəyi odur ki, İran bu şəbəkələri yaratmasın, dini ekspansiyadan əl çəksin”.
A.Qasımlının sözlərinə görə, kəskin ritorikasına baxmayaraq, Azərbaycan İranla münasibətlərini heç vaxt tam kəsməyib. “İran tərəfi də bunu gözəl başa düşür. Azərbaycan elitasının və İran rejimin maraqları bir çox məqamlarda üst-üstə düşür və iki ölkə arasında ciddi gərginliyin olmasını zənn etmirəm”.
Yazida səslənən tənqidi fikirlərə, İranın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Yanvarın 27-dəAzərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs səfirlik əməkdaşlara atəş açıb. Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb. Daha sonra Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib, səfirliyin fəaliyyəti dayandırılıb.
Azərbaycan bu hücumu "terror aktı" adlandırıb. XİN isə vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb. İran səfirliyə silahlı hücumun araşdırılacağını bəyan edib.
Buna da bax: Fərid Səfərli casus olmadığını deyir Buna da bax: İran Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb