İran edamları "təşviş yaradacaq səviyyədə" gerçəkləşdirir, bu ilin ilk yeddi ayında azı 419 nəfər edam olunub. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz artım deməkdir. Bunu BMT rəhbəri yeni hesabatda bildirir.
Baş katib Antonio Quterreş (Antonio Guterres) qurumun Baş Assambleyasına İranda insan haqlarının vəziyyətinə dair hesabat təqdim edib. Hesabatda deyilir ki, yeddi kişi ümummilli etirazlarla əlaqəsinə, yaxud iştirakına görə edam olunub. Sözügedən etirazlar 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanıb. Əmini, guya, hicabı düzgün taxmadığına görə əxlaq polisi tərəfindən saxlanandan üç gün sonra xəstəxanada vəfat edib.
BMT-nin insan haqları ofisinin əldə etdiyi məlumata görə, yeddi halın hamısında hüquqi proseduralarda müvafiq tələblərə, beynəlxalq insan haqları qanununa uyğun ədalətli məhkəmə prosesinə əməl olunmayıb.
Narkotik ittihamları da artıb
Quterreş deyib ki, 239 nəfər, yeddi ayda edam olunanların yarıdan çoxunun narkotiklərlə əlaqədar ittihamlarla ölümə məhkum edildiyi bildirilir. Bu isə ötən ilin eyni dövründəkindən 98 faiz çox deməkdir.
Baş katib özəlliklə son etirazlar fonunda insan haqları pozuntularının şəffaf və müstəqil araşdırılmamasından dərin narahatlıq ifadə edib.
O, BMT-nin insan haqları qurumunun məlumatına istinad edərək deyib ki, 2022-ci il sentyabrın 17-dən 2023-cü il fevralın 8-dək etirazlarda iştirakına görə 20 min nəfər həbs olunub.
İran hökuməti etirazlarda saxlanan minimum 22 min nəfərin əfv olunduğunu bildirib. Quterreş isə qeyd edib ki, həbs olunanların və buraxılanların sayını dəqiqləşdirmək çətindir.
BMT baş katibi İranı bütün edamları dərhal dayandırmağa, ölüm cəzasını ləğv etməyə, qanunsuz saxlananların hamısı buraxmağa çağırıb.