İranda İmam Rza türbəsinə hücum zamanı iki şiə ruhaninin öldürülməsi, birinin yaralanmasına görə özbək kökənli şəxs edam edilib.
Əbdüllətif Muradiyə qarşı ölüm hökmü iyunun 20-də Məşhəd şəhərindəki Vəkilabad həbsxanasında icra olunub. Məlumatı vilayətin ədliyyə başçısı Qulaməli Sadiqi açıqlayıb.
Aprelin 5-də, müsəlmanların müqəddəs Ramazan ayında törədilmiş hücumda ruhanilər Hüccətülislam Məhəmməd Aslani və Məhəmməd Sadiq Darai qətlə yetiriliblər. Hücum vaxtı Muradi 21 yaşında olub.
Daxili işlər naziri Əhməd Vahidi hadisəni “terror hücumu” adlandırıb. Digər rəsmilər isə radikal sünni islamçı qruplara istinadla “təkfiri elementləri”ni suçlayıb.
Hücumdan iki gün öncə şimaldakı Günbədkavus şəhərindəki məsciddə iki sünni imamı güllələnib öldürülmüşdü.
Sünnilər İranın əsasən şiələrdən ibarət 83 milyonluq əhalisinin 5-10 faizini təşkil edir.