İranda qətlə görə mühakimə olunaraq təqsirli bilinmiş 17 yaşlı oğlan edam edilib. Bu haqda Norveçdə yerləşən "Hengaw" və İran İnsan Hüquqları (İİH) təşkilatları məlumat yayıb.
İİH Həmidrza Asarinin noyabrın 24-də edam olunduğunu bildirib.
"Qeyd olunmalıdır ki, onun daha öncə yayımlanmış məcburi etirafında və dövlət mediasının xəbərində yaşı 18 göstərilirdi", – İİH qeyd edir. Qurum bunu yeniyetmələrə qarşı ölüm hökmünü qadağan edən beynəlxalq qanunlardan yayınma cəhdi sayır.
İİH yeni əldə etdiyi məlumata əsasən Asarinin iddia olunan qətl vaxtı 16 yaşı olduğunu yazır. Onun Sabzevar həbsxanasında edam edildiyi vurğulanır.
Qurum "Tasnim" agentliyinə istinadla bildirir ki, gənc iddia olunan namus qətlinə görə təqsirli bilinib.
İranda bu il edamların kəskin artması beynəlxalq ictimaiyyətin qınağına səbəb olub. Tənqidçilərin dediyinə görə, bir çox hallarda tələsik hökmlər çıxarılır, saxta məhkəmələr keçirilir, məcburi etiraflar alınır.