İranda qadınların məcburi hicab qaydasına riayət etməsinə nəzarət üçün yeni xidmət yaradılıb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Həsən Həsənzadə məlumat verib.
Məlumatda deyilir ki, qadınlar üçün məcburi geyim məcəlləsinin icrasına nəzarət edəcək yeni hüquq-mühafizə orqanının əməkdaşları bu sahədə xüsusi təlim keçiblər və qanunun ictimai yerlərdə “daha məsuliyyətli” icrasını həyata keçirəcəklər.
İran hakimiyyət orqanları son vaxtlarda qadınların hicab qanununa əməl etməsini xüsusi sərtliklə yoxlayırlar və sosial mediada qadınlarla pis rəftarı görüntüləyən foto və videolar yayılıb.
Bundan əvvəl hakimiyyət şəhərlərin küçələrində və ictimai yerlərində məxsusi olaraq hicab qanununa riayətə nəzarət üçün kameralar yerləşdirmişdi.
Bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadla Reuters agentliyi yaymışdı.
Bu da deyilirdi ki, kameraların qeydə aldığı qanun pozucularına SMS-lə xəbərdarlıq göndərilir.
Buna da bax: Məhkəmə Qubad İbadoğlunun üzərindən elektron qolbağı çıxarmaqdan imtina edibHicaba müqavimət artır
İran polisi etiraf edib ki, kameraların quraşdırılması hicab qanununu pozan və ya hicaba “müqavimət göstərən” qadınların sayının kəskin artması ilə bağlıdır.
2022-ci ildə gənc qadın Məhsa Əmini iddia olunduğuna görə hicab qaydasını pozması ilə bağlı əxlaq polisi tərəfindən saxlanmış və daha sonra polis idarəsində müəmmalı şəkildə vəfat etmişdi.
Bu ölüm hadisəsinə görə başlanan etiraz aksiyaları aylarla İranı bürümüşdü.
İranda 9 yaşından yuxarı qızlar üçün icbari olan hicab İslam inqilabından iki il sonra, 1981-ci ildən tətbiq edilməyə başlayıb.
O vaxt buna qarşı etirazlar olsa da hərəkat yeni dini hökumət tərəfindən yatırılmışdı.
İranda əslində o vaxtdan bəri bir çox qadınlar hicab qaydasına riayət etməməyə çalışırlar.
Buna da bax: ABŞ İsrail batalyonuna sanksiya planlaşdırırCəzalar və cərimələr
"Hengaw" insan haqları təşkilatının ötən il üçün hesabatı İranda qadın fəallara qarşı məhkəmə prosedurlarına da işıq salıb. Qeyd olunur ki, azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.
Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.
Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb.
Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri "saxta" adlandırıb.
İranda etiraz aksiyaları genişləndikdən sonra hakimiyyət nümayişlərin iştirakçılarına qarşı sərt repressiyalara başlayıb.
İctimai yerlərdə hicab qaydasını pozanların aşkar edilməsi üçün gizli kameralar quraşdırılıb.
Məhsa Əmini və onun ölümündən sonra İranda başlamış “Qadın, Həyat, Azadlıq” hərəkatı Avropa Parlamentinin ali Saxarov Mükafatına layiq görülüb.