İranda yaşı 30-dan aşağı dörd etnik kürd Tehranın əzəli düşməni İsrailə casusluqda təqsirli bilinərək edam olunub.
Yanvarın 29-da edam edilən Məhəmməd (Həcir) Fəramərzi, Möhsün Məzlum, Vəfa Azərbar və Pejman Fatehi İsfahana bomba hücumu planlaşdırmaqda ittiham olunublar. Bu iddia mübahisələrə səbəb olmuşdu.
İran ədliyyəsinə bağlı "Mizan" xəbər agentliyinin yazdığına görə, həmin dörd nəfər ötən yay iddia olunan əməliyyatdan bir neçə gün əvvəl saxlanılıblar. Onların İsrailə bağlı olduğu deyilsə də, prosesin məxfiliyi səbəbindən faktlar aydın deyildi.
Rəsmi hökm yoxdur
İttiham olunanların ailələri və insan haqları təşkilatları məhkəmə prosesini tənqid edir, edamları ədalətsiz sayırlar.
Dörd nəfərin vəkili Məsud Şəmsnejad yanvarın 16-da bildirib ki, Ali Məhkəmə təkrar mühakimə ilə bağlı vəsatəti rədd edib, "təhlükəsizlik işlərində ümumi hal" sayılan rəsmi hökmün olmadığını əsas gətirib.
"Amnesty International" insan haqları təşkilatı ayın əvvəlində deyirdi ki, bu şəxslər "işgəncə və digər pis rəftar iddialarının yer aldığı, əsasən, ədalətsiz mühakimə ilə ölümə məhkum ediliblər".
"Mizan"ın məqaləsində iddia olunurdu ki, təqsirləndirilən şəxsləri "Mossad" İran Kürdüstanında solçu Komala partiyası vasitəsilə cəlb edib, onlar Afrikada hərbi bazalarda təlim keçiblər, əməliyyatın bir neçə mərhələsinə hazırlıq görüblər.
Həbsxanada reyd
Edam xəbəri böyük reaksiya doğurub. Qızılhasar həbsxanasında 10 siyasi məhbus yanvarın 28-də təhlükəsizlik qüvvələrinin reyd keçirdiyini, edam xəbərinin yayılmasını önləməyə çalışdığını xəbərləyir. Həmin 10 məhbus edam dalğasına, eləcə də ölüm cəzasının icrasını gözləyən digər məhbuslara həmrəylik olaraq bir həftəlik aclıq keçirəcəyini bəyan edib.
AzadlıqRadiosunun fars xidməti - Radio Fərda-nın yanvarın 29-da aldığı məktubda məhbuslar reyd zamanı fiziki hücumlardan, onların əşyalarının alınmasından yazırlar.
İnsan haqları təşkilatları edamları pisləyiblər.
2023-cü ilin dekabrınadək İranda 700-dən çox məhkumun edam edildiyi açıqlanıb. Son aylar edamlar intensivləşib.