İran silahlı qüvvəllərinin sözçüsü bildirib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı şayiələr yayan 3600 nəfər həbs edilib.
Silahlı Qüvvələrin vəzifəli rəsmilərindən briqada generalı Abolfazl Shekarchi bu məlumatı aprelin 28-də dövlət telekanalı ilə canlı yayınlanan proqramda verib və deyib ki, İslam respublikasının düşmənlərinin ölkə içərisində “elementləri” var.
Sherkachi adını çəkmədiyi düşmənlərin İranın koronavirusa qarşı “çox yaxşı” mübarizəsini gözdən salmağa çalışdıqlarını iddia edib.
Buna da bax: İran 1000-dən çox əcnəbini müvəqqəti olaraq həbsxanadan buraxıb
Rəqəmlərin iki dəfə azaldıldığı güman edilir
İranda aprelin 29-a olan vəziyyətə görə COVID-19 virusuna indiyədək 93, 500 nəfər yoluxub, onlardan 6 mini vəfat edib.
Lakin beynəlxalq ekspertlər İranda bu göstəricilərin əslində daha yüksək ola biləcəyinə inanırlar.
Hətta İran parlamentinin Araşdırma Mərkəzi bu ay bildirmişdi ki, koronavirusdan ölənlərin sayı, çox ehtimal, rəsmi rəqəmdən iki dəfə artıqdır.
Tehran epidemiyaya gec reaksiya verdiyinə, yoluxmaların başlandığı Qum şəhərində karantin elan edilməsində ləngidiyinə görə tənqid edilirdi.
Buna da bax: ABŞ və İranın sosial mediada koronovirus ‘savaşı’
Həqiqəti soruşan həbs edilir
Shekarchi-nin bu çıxışından bir neçə həftə əvvəl ABŞ Dövlət Departamenti Tehranı ölkədə koronavirusla bağlı həqiqi vəziyyət barədə ABŞ rəsmilərinə məlumat vermək istəyən şəxsləri həbs etməkdə günahlandırmışdı.
Aprelin 28-də AzadlıqRadiosunun farsdilli Fərda bölümünə danışan Dövlət Departamenti sözçüsü xanım Morgan Ortagus deyib ki, İran ölkədə koronavirusa yoluxmalar və ölüm halları ilə bağlı şəffaflığa əməl etmir.
O əlavə edib ki, rejim, İran xalqı ondan həqiqəti deməsini tələb edəndə isə, tələb edənləri dayandırmağa çalışıb.
Fransanın media azadlığı gözətçisi Sərhədsiz Müxbirlər aprelin 15-də verdiyi bəyanatda İran hakimiyyətini koronavirus epidemiyası barədə informasiya dərc edən jurnalistlərin təqibində ittiham edib.