İranda Urmiya İnqilab Məhkəməsi kürd əsilli siyasi fəal Naeb Askarini ölümə məhkum edib. O, ilkin olaraq "Allaha ədavət" maddəsi üzrə təqsirli bilinsə də, hökmdən apellyasiya vermişdi. İttiham silahlı qiyama dəyişdirilib.
HRANA insan haqları qrupunun oktyabrın 23-də bildirdiyinə görə, Askarinin təqsirli bilinməsi onun kürd siyasi partiyasına üzvlüyü ilə əlaqədardır.
İran İslam Cəza Məcəlləsinə görə, islam respublikasına qarşı silahlı hərəkətdə təqsirli bilinənlər üsyançı sayıla bilərlər.
Kürdüstan İnsan Haqları Şəbəkəsinin öz mənbələrinə istinadla bildirdiyinə görə, ittiham 2014-cü ildə İran İnqilab Keşikçiləri Korpusunun kürd komandiri Mustafa Soltaninin yaralanmasında Askarinin iştirakı ilə əlaqədardır. Kürdüstanda Azad Həyat Uğrunda Partiya üzvləri ilə əlbəyaxa davada ağır yaralanan Soltani 2021-ci ilin əvvəlində COVID-19 ağırlaşmasından vəfat edib.
Soltaninin ailəsi İİKK-nın dəstəyi ilə Askariyə qarşı iddia qaldırıb. Ailə Soltaninin ağır xəsarət aldığı davada Askarinin əsas rol oynadığımı iddia edib. Onların sözlərinə görə, ölümünə məhz aldığı yaralar səbəb olub, aldığı yaralar onu zəiflədib.
Askariyə ittiham
2021-ci ilin əvvəlində həbs olunanadək Askari bir neçə il Kürdüstan vilayətində yaşayıb. O, İİKK-nın Kəşfiyyat Təşkilatı ilə müzakirələr nəticəsində İranın əsas hissəsinə keçmək üçün "təhlükəsiz keçid vəsiqəsi" əldə edib.
Həbsindən sonra elə həmin kəşfiyyat qurumu Askarinin daha öncə ölüm cəzasına məhkum olunduğunu açıqlayıb. 2018-ci ildə məhkəmə onu qiyabi şəkildə PJAK ilə bağlılıqda ittiham edib. Bu isə "Allaha qarşı müharibə aparmaq" ittihamına bərabərdir.
Qadağan olunmuş PJAK İran kürdləri üçün özünüidarəçiliyə çalışır, Türkiyədəki silahlı Kürd İşçi Partiyası ilə əlaqələri var. Sonuncu digər silahlı kürd qrupları ilə birlikdə şimal sərhədi boyunca fəaliyyət göstərir.