İranın Gilan əyalətinin Lanqrod şəhərində narkoloji reabilitasiya mərkəzində baş vermiş güclü yanğında 32 nəfər həlak olub, 16 nəfər xəsarət alıb.
Ədliyyə nazirliyi yanğının səbəbini açıqlamayıb. Qurum obyekti idarə edənlərin mümkün səhvləri üzrə araşdırma aparılmasına da eyham vurub.
"Mərkəzin menecerləri və bu obyektə görə məsuliyyət daşıyanlar təhqiqat altındadır", - nazirlik bildirib.
Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyi mərkəzin tutumunun 40 nəfərədək olduğunu yazıb.
Ancaq dispanserdə neçə pasiyentin olması haqda dəqiq informasiya yoxdur.
Tənqidçilərin fikrincə, bundan öncəki insidentlər İranda baxımsız qalan narkodispanserlərdəki riskləri ortaya qoyur.
İran dünyada ən çox edamların həyata keçirildiyi ölkələrdən biridir. İnsan haqları fəalları xəbərdarlıq edirlər ki, bu il narkotiklərlə bağlı ölüm cəzaları üç dəfəyədək artıb.
İranın dini isteblişmenti adətən narkotiklərə aludəçiliyə qarşı sərt mövqedə dayanır.