İranda zəvvarları daşıyan avtobus aşıb, 28 pakistanlı həlak olub

Qəza

İranın mərkəzində pakistanlı zəvvarları daşıyan avtobus aşıb, 28 sərnişin həlak olub, 23 nəfər xəsarət alıb. Bu haqda dövlət mediası avqustun 21-də məlumat yayıb.

Qəzanın avqustun 20-də gecə İranın mərkəzi Yəzd vilayətində baş verdiyi bildirilir. İran nəqliyyat polisinin ilkin araşdırmasına görə, qəzaya avtobusun əyləc sistemində texniki nasazlıq səbəb ola bilərdi.

"Təəssüf ki, qəzada 11 qadın və 17 kişi həyatını itirib. Yaralılardan yeddisinin vəziyyəti ağırdır, altı nəfər xəstəxanadan çıxıb", – Yəzd vilayət rəsmisi dövlət televiziyasına deyib.

Onun sözlərinə görə, İrandakı Pakistan konsulluq xidmətləri qəzadan sonra Yəzdə dəvət olunub.

Hazırda milyonlarla şiə müsəlman İraqın Kərbəla vilayətində Ərbəin ziyarətinə qatılıb. Onlar Məhəmməd peyğəmbərin nəvəsi, şiə islamında mərkəzi fiqur İmam Hüseyn ibn Əli və tərəfdarlarının 40 mərasiminə yığışıblar.