İsfahanın İnqilab Məhkəməsi islam respublikasına qarşı etiraz mahnılarına görə ölümə məhkum edilmiş reper Tumac Salehiyə bəraət verib.
Salehinin vəkili deyib ki, 2022-ci ildə müvəkkilini "Yer üzündə korrupsiya" ittihamı ilə mühakimə etmiş məhkəmə avqustun 14-də belə bir qərar çıxarıb.
Əmir Rəisian X platformasında yazıb ki, İsfahan İnqilab Məhkəməsinin 5-ci filialı bəraət qərarı verib. Vəkil məhkəmənin digər iki iddia üzrə işə xitam verdiyini qeyd edib.
Salehi mayda İnqilab Məhkəməsinin qərarı ilə ölümə məhkum edilib. Ancaq Ali Məhkəmə qərarı ləğv edərək işə təkrar baxılması üçün məhkəmənin filialına göndərib.
Reper niyə saxlanıb
Salehi ölümə məhkum ediləndə 2022-ci il etirazlarında roluna görə 6 illik həbs cəzası çəkirdi. O, ilk dəfə həmin ilin oktyabrında, etirazçılara dəstək bildirəndən sonra saxlanıb. Həmin il 22 yaşlı Məhsa Əmininin hicabı düzgün bağlamamaq ittihamı ilə saxlandıqdan sonra polisdə vəfatından sonra ölkəni etirazlar bürümüşdü.
Reper Salehi İranda korrupsiya, yoxsulluq, edamlar, etirazçıların qətlinə qarşı bəstələrinə görə tanınıb. Onun mahnılarında sıravi iranlılarla ölkə rəhbərliyi arasında dərinləşən uçurum tənqid edilir, hakimiyyət xalqın rifahını düşünməməkdə, onu boğmaqda ittiham olunur.
Həbs-qətimkan tədbirinin böyük hissəsini təkadamlıq kamerada keçirən Salehi 6 illik həbsə məhkum edilsə də, 2023-cü ilin noyabrında apellyasiya şikayəti əsasında azadlığa buraxılıb. Ali Məhkəmə ilkin hökmdə nöqsanlar aşkarlandığını bildirib. Ancaq 12 gündən sonra o, yenidən saxlanılıb. Bundan öncə isə onun həbsxanada işgəncəyə məruz qaldığını göstərən video yayılmışdı.
Mayın sonunda yaydığı məktubda "Amnesty International" insan haqları təşkilatı Salehinin saxlanan zaman işgəncəyə məruz qaldığını, dəfələrlə döyüldüyünü bildirib.