İranda prezident seçkisinin qalibi Məsud Pezeşkian deyib ki, Qərblə əlaqə yaratmaq istəyir. Ancaq məsələ bundadır ki, prezidentin işi artıq onun üçün biçilib.
İranda seçkilər azad və ədalətli sayılmasa da, sürprizlər də baş verir. İslahatçı veteran deputat Məsud Pezeşkianın yeni prezident seçilməsi bu sürprizlərdən biridir.
İyulun 5-də Pezeşkian ultramühafizəkar rəqibi Səid Cəlilini məğlub edib, 49.8 faiz seçicinin getdiyi seçkidə 16.3 milyondan çox səs toplayıb.
"Pezeşkianın qələbəsi tam bir sürpriz oldu; onun bu seçkini udması gerçəkdən gözlənilmirdi", -- Londonda yerləşən "Chatham House" mərkəzində Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil AzadlıqRadiosunun əməkdaşı Kian Şərifiyə deyib.
Onun sözlərinə görə, siyasi isteblişment, hətta cəmiyyətdə çoxları mühafizəkar parlament spikeri Məhəmməd Bağer Qalibafın qələbə çalacağını gözləyirdi, amma o, heç ikinci tura keçmədi.
Hakimiyyətin prosesə nəzarəti itirməsi?
Pezeşkianın tərəfdarları arasında da bu fikri bölüşən var. Kürdüstan vilayətində Pezeşkianın seçki təbliğatını aparan keçmiş deputat Məhəmməd Məhəmməd-Rezai deyir ki, keçmiş səhiyyə nazirinin heç seçkiyə buraxılacağını gözləmirmiş.
"Düşünürəm ki, hakimiyyət seçkini qızışdırmaq istəyirdi, ona görə onun rəqabətli görünməsindən ötrü də islahatçının adını bülletenə saldılar. 2021-ci ildə Əbdül Nasir Hümmətinin adı da bu məqsədlə salınmışdı. Ancaq onlar (hakimiyyət) nəzarəti itirdilər və Pezeşkian kimi birisi qələbə çaldı", -- o, AzadlıqRadiosunun fars xidmətinə deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Pezeşkian indiyədək İranda hicabla bağlı sərt qaydaları tənqid etsə də, ali dini lider Əli Xameneinin siyasətini dəstəkləyib.
Seçkinin iyunun 28-də keçirilən birinci turunda seçici fəallığı 39.9 faiz olub. Pezeşkian bu turda mühafizəkarların səslərinin parçalanmasından faydalanıb. Cəlili və Qalibaf birinin səsvermədən çəkilməsi üzrə razılığa gələ bilməyiblər.
İkinci turda isə Pezeşkian seçicilərin Cəlili kimi sərt xətt tərəfdarı sarıdan qorxusundan yararlanıb. Təhlilçilərin fikrincə, bu amil onun seçkini udmasında rol oynaya bilər, amma yeganə səbəb də deyil.
Cenevrə Akademik İnstitutunda baş elmi əməkdaş Fərzan Sabet Pezeşkianı "mühafizəkar islahatçı" adlandırır, onun dəyişikliklər və islahatlar barədə qəti vədlər verməməklə Cəlilinin sərt baxışlarını bölüşməyən ənənəvi mühafizəkarları da öz tərəfinə çəkə bildiyini deyir.
Siyasətdə böyük dəyişiklik gözlənilmir
Pezeşkian pis idarəçilik və sanksiyalar altında əzilən iqtisadiyyatı, eləcə də təməl azadlıqlar uğrunda küçələrə çıxmağa hazır olduğunu göstərən cəmiyyəti miras alır. Di gəl, İranda vacib siyasi məsələlərdə söz sahibi Ali dini lider Əli Xameneidir.
Prezident Ali Milli Təhlükəsizlik Şurasının başçısı olsa da, bircə səs hüququ var. Yəni, prezident mövqeyini ortaya qoya bilir, sözünün təsir gücü böyük deyil.
"Pezeşkian zəif, üzüyola prezident olması təəssüratı yaradıb, azından ali dini liderin cızdığı siyasi çərçivəyə çox ciddi riayət edəcək", -- Sabet vurğulayır.
O özü də seçki kampaniyası dövründə prezidentin hakimiyyətinin məhdud olduğunu etiraf edib. Bunu deyən S.Vəkil yeni seçilmiş prezidenti "rejim tərəfdarı islahatçı, hər şeydən öncə ali dini liderin əlaltısı" adlandırıb.
Vəkil deyir ki, üzüyolalıq Pezeşkianın xeyrinə işləyə, o, Qərblə açıq davranmaq və digər məsələlərdə müəyyən sərbəstlik əldə edə bilər.
Sabet bildirir ki, Pezeşkianın böyük islahatlar aparacağı real görünmür, amma digər islahatçılara nisbətən daha çox mühafizəkar yönlü olması siyasətə müəyyən təsir göstərəcəyi ehtimalını artırır. Təhlilçi güman edir ki, Pezeşkian hökumətinə islahatçılar, mötədillər, həmçinin ənənəvi mühafizəkarlar daxil ola bilər. Bu isə prezidentə parlamentdəki mühafizəkarlarla işləyərək sərt-xətt tərəfdarları ilə manevr etmək fürsəti verər. Mart seçkilərindən sonra parlamentdə sonuncuların sayı artıb.