İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan XİN-in Azərbaycan vətəndaşlarına İrana səfərlər barədə xəbərdarlığına cavab olaraq Twitter-də yazıb.
O Bakının bu addımını İsrail prezidenti İsxaq Hersoqun bu yaxınlarda Azərbaycana səfəri ilə bağlayıb:
“Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlarını İrana səfər etməməyə çağırıb. Bu, saxta, uşaq qatili və işğalçı rejimin prezidentinin bu yaxınlarda Bakıya səfəri zamanı qəbul olunmuş eyni siyasətdir”.
İsrail prezidenti mayın 30-da Bakıya səfəri zamanı İran təhlükəsi barədə xəbərdarlıq etmiş və Azərbaycanı ölkəsinin yaxın müttəfiqi adlandırmışdı.
Kənani bu barədə yazıb:
“Azərbaycan xalqını mədəni və İslami İranla yox, sionist rejimi (İsrail-red) ilə qorxutmaq lazımdır”.
İranın Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş rejiminə sadiq qaldığını təsdiq edən sözçü əlavə edib ki, İran davamlı qonşuluq siyasətini “qarşılıqlı hörmət və qonşuluq etiketinə riayət çərçivəsində” davam etdirir.
Buna da bax: Fərid Səfərlinin İranda casusluqda ittiham olunduğu deyilirXəbərdarlıqda nə deyilirdi
Azərbaycanın Xarici İşlər Nazirliyinin iyunun 3-də yaydığı "səyahət xəbərdalığı"nda qeyd olunurdu ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçilik nəzərə alınmalı və zərurət olmadığı halda İrana səfər edilməməlidir.
"...səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur." -nazirliyin xəbərdarlığında deyilir.
XİN hazırda İranda olan Azərbaycan vətəndaşlarından da tələb edir ki, mühafizə və təhlükəsizlik qaydalarına riayət etsinlər.
Buna da bax: İranda Azərbaycanla bağlı məxfi sənədlərin yayıldığı deyilirNazir İranda səfirliyin işinin bərpası üçün gözləntilərindən danışıb
"Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub". AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Ceyhun Bayramovn sözlərinə görə, cinayətin istintaqının tezliklə başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirlər:
"Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub. Ancaq bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb ediləcək, sərt şəkildə cəzalandırılacaq. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir".
Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.