İran hicaba görə populyar startaplara təzyiqi gücləndirir

Azki, Digikala və Taghche şirkətlərinin loqoları

İran rəsmiləri populyar texnologiya startaplarının əməkdaşlarının ölkənin sərt hicab qanununa tabe olmasına nəzarət işini həmin startapların üzərinə qoymağa çalışır.

Son həftələr azı üç internet şirkətinin – DigiKala onlayn satış şirkəti, Azki.com sığorta şirkəti və Taaghche kitab tətbiqi şirkəti bağlanıb. Hər üç halda səbəb qadın əməkdaşların hicabsız şəkillərinin ortaya çıxmasıdır.

Görüntülərin şirkətlər tərəfindən deyil, əməkdaşların şəxsi sosial media hesablarına paylaşıldığı bildirilir. Ancaq bu, hökuməti bu yaxınlaradək uğurlu biznes modeli ilə tanınan startapları təqib etməkdən çəkindirməyib. Bu cür startaplar İranın beynəlxalq sanksiyalara rəğmən müstəqil şəkildə müasir şirkətlər qurmaq bacarığının göstəricisi kimi təqdim edilir.

Bu cür şirkətlərə təzyiq ölkənin Mədəniyyət və İslami Nəsihət Naziri Mehdi Esmailinin 27 iyun bəyanatından sonra başlayıb. Nazir əməkdaşları ismət və hicab qanununa əməl etməyən startap şirkətləri barəsində tədbir görüləcəyini demişdi.

Ancaq müşahidəçilər Tehranın təhlükəli oyun oynadığını deyirlər. Bu cür tədbirlər İranın gənc nəslini uzaqlaşdıra, sahibkarları və xarici investorları müasir şirkətləri İrana gətirməkdən çəkindirə bilər.

Buna da bax: İranda mamaça həbs olunub, abort klinikası qapadılıb

Dünyaya bağlı texnologiya adamları

Təzyiqə məruz qalan şirkətlər bir-birindən fərqlidir. Onların arasında özəl, yarıözəl və hətta İran hökuməti ilə birbaşa və ya dolayı güclü bağları olan startaplar var. “Miaan Group”un Nyu Yorkda yaşayan internet təhlükəsizliyi və rəqəmsal hüquqlar bölməsinin direktoru Əmir Rəşidi belə deyir.

Ancaq bu şirkətlərin bir ümumi cəhəti var: onlar İranda iş görməyin köhnə üsullarından fərqli çalışırlar. Onlar gənc müştərilərə müasir texnologiyadan yararlanaraq xidmət göstərmək üçün gənc və təhsilli insanları işə götürürlər.

"Bu şirkətlərdə mövcud olan mədəniyyət adətən İran hökumətinin mədəniyyətini təmsil etmir. Çünki bu, yeni nəsildir. Bunlar texnologiya adamlarıdır. Bunlar İranın [dünya ilə] bağı ən sıx olan əhalisidir. Onlar dünyaya internetlə, gördükləri işlə bağlanırlar. Onların ətraf dünya ilə əlaqədə olmaq imkanı daha çoxdur”, – Rəşidi deyir.

Buna da bax: İranda su etirazı. ‘Sistan suya möhtacdır’

Cərimə və cəzalar

Hicaba və ölkənin dini rəhbərliyinə qarşı aylarla davam edən küçə etirazları fonunda mühafizəkarlar ismət və hicab qanununu sərtləşdirməyə çalışırlar. Parlamentin ötən ayın sonunda təqdim etdiyi yeni qanun layihəsi qanunu pozan qadınlara 720 dollara qədər cərimə, 3 ilədək həbs cəzası kəsilməsini nəzərdə tutur.

İranın dini istəblişmenti bu qanun layihəsini İslam respublikasının fundamental dəyərlərinin qorunub saxlanması üçün zəruri addım kimi qələmə verir.

Dini hakimiyyətə qarşı etirazların yatırdılması zamanı hökumət dəfələrlə internetə çıxışı kəsib və sosial mediada öz hicabsız şəkillərini paylaşaraq nümayişçiləri dəstəkləyən şəxsləri təqib edib.

Hədəfə alınanlar arasında tanınmış qadın məşhurlar və idmançılar da olub. Üç kino və televiziya aktrisası hicabsız şəkil çəkdirdikdən sonra həbs edilib. Ötən ay onlara şəxsiyyət pozğunluğu diaqnozu qoyulub.

Buna da bax: İranda 61-yaşlı məşhur aktrisaya hicaba görə iş kəsilib

Narazılıq

Sözügedən şirkətlərin bağlanmasının təsiri dərhal hiss olunmağa başlayıb. Müştərilər kitab, mal və xidmətləri internetdən satın ala bilmədikləri üçün narazılıq ifadə ediblər. Biznes assosiasiyaları isə bu hərəkətin ölkədə biznes sektorunu inkişaf etdirmək cəhdlərinə zərbə vuracağını deyiblər.

Bundan sonra Azki.com və “Taaghche”yə fəaliyyətlərini bərpa etməyə icazə verilib. Ancaq onlardan əməkdaşlarının ismət və hicab qanununa əməl edəcəyinə dair ictimai öhdəlik alınıb.

İranın “Amazon”u adlandırılan “DigiKala”nın durumu isə qeyri-müəyyən olaraq qalır.

Rəşidi istər cəmiyyət, istərsə də biznes səviyyəsində “insanları insanlara qarşı qoymağın” işə yarayacağına skeptik yanaşdığını deyir.

"Bu şirkətlərin bəzilərinin İranın xaricində investorları var. Bu həmin şirkətlərə mütləq təsir edəcək. Çünki onlar beynəlxalq aləmdə senzuranın dəstəkçiləri kimi görülmək istəmirlər”, – Rəşidi bildirir.