Tehranın Surə Universitetindən azı beş tələbə gələn semestrin dərslərindən kənarlaşdırılıb.
Tələbə Gildiyası Şuralarının fevralın 7-də Telegram kanalında yazdığına görə, Surə Universiteti azı beş tələbəni təhsildən kənarlaşdırıb, onları növbəti dönəm üçün təhsil hüququndan məhrum edib, bunun səbəbi isə "qəbuledilməz" sayılan fəaliyyətdir.
Vurğulanır ki, təhsildən kənarlaşdırma intizam komissiyasından keçmədən, hüquqi prosedurlar aparılmadan gerçəkləşdirilib və tələbələri universitetin rektor müavini çağırıb onlara müvafiq qərarı təqdim edib.
Tələbə fəallar yeni tədris ili başlayandan İran universitetlərində opressiv mühitin gücləndiyini deyirlər. Kəşfiyyat və təhlükəsizlik qurumları tez-tez tələbələri dindirməyə çağırır, onlara qarşı intizam tədbirləri görülür, təhsildən müvəqqəti kənarlaşdırılır, bəzən isə universitetlərdən qovulurlar.
İranda universitetlər və tələbələr həmişə daha böyük sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gedib. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz edəndə polis Tehran universitetinin yataqxanalarında reyd keçirib, bir tələbə həlak olub.
Hakimiyyət illərdir tələbə fəalları və liderlərini həbs edir, onların təhsilinə qadağa qoyur.
İşdən çıxarılan professorlar
Ancaq təzyiqlər tələbələrlə məhdudlaşmayıb.
Tehrandakı Behişti Universitetinin professoru Əhməd Şikarçı bu həftə bildirib ki, universitet onunla kontraktı ləğv edib. Artıq ölkədə tələbələri və onların etirazlarını dəstəklədiyinə görə işini itirən müəllimlərin də sayı artmaqdır.
"Khabaronline" saytının fevralın 7-də yaydığı xəbərə görə, Tehran Universiteti və Tehran Tibb Elmləri Universiteti 26 professoru, Azad Universiteti isə 14 professoru işdən çıxarıb.
"Etemad" qəzeti sentyabrda İran universitetlərindən kənarlaşdırılan 52 professorun siyahısını dərc edib.
İranda "Qadınlar, Həyat və Azadlıq" etirazları ilə eyni vaxtda təzyiqlər də artıb.
HRANA xəbər agentliyi etirazlar vaxtı azı 700 universitet tələbəsinin həbs olunduğunu yazır. İranda 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanılandan sonra vəfat edib. Bu hadisə ölkədə böyük etirazlara səbəb olub.