İranda "İslam müqəddəslərinə qarşı təbliğat"da ittiham olunan yoqa təlimçisi Tehran İnqilab Məhkəməsində mühakimə vaxtı vəfat edib. Açıqlamanı onun vəkili Sora Askari-Rad verib.
Vəkil 61 yaşlı müvəkkili Səid Xademinin öldüyünü noyabrın 6-da açıqlayıb, onun ürəktutmasından vəfat etdiyini deyib. Askari-Rad Xademinin ölümünü onun məhkəmə zalında keçirdiyi gərgin psixoloji stress və narahatlıqla əlaqələndirib.
Xademi təqsirli bilinsəydi, ona ölüm cəzası kəsilə bilərdi.
Vəkillər üçün qorxulu məhkəmə
Askari-Rad dissidentlərə və fəallara qarşı sərt mühakimələri ilə tanınan İnqilab Məhkəməsini hətta hüquq peşəkarları üçün belə qorxulu yer kimi təsvir edib.
"Hətta bir vəkil olaraq məndən ötrü də İnqilab Məhkəməsindəki mühit qorxuludur. Səid Xademi isə gerçəkdən günahsız idi, heç bir səhvə yol verməmişdi", – o vurğulayıb.
Vəkil Xademiyə qarşı ittihamların əsassız olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyət onun meditasiya və yoqa təlimçisi kimi fəaliyyətini yanlış olaraq antiislami qələmə verib.
Xademi ötən il İslam İnqilabı Keşikçilərinin Kəşfiyyat Təşkilatı tərəfindən bir aylığa saxlanıb və bu, rejimin onun fəaliyyətindən şübhələnməsinin ilk əlaməti idi. Ədliyyə orqanlarının "Mizan" xəbər agentliyi Xademinin ölümünü təsdiqləsə də, onun kimliyi, üzləşdiyi ittihamların detalları haqda detallı bilgi verməyib.
Bu iş İranda din azadlığı, qeyri-ənənəvi dini inanclıların praktikasına diqqət çəkib. İranda belə fəaliyyətlər islam quruluşuna meydan oxumaq kimi qiymətləndirilə bilər.
Buna da bax: BMT: İranda edamlar 30 faiz artıbArtan edamlar
İlin əvvəlində İranda sosial mediada "ateizmin təbliğinə, dini və islami müqəddəslikləri təhqir"ə görə ölüm cəzasına məhkum olunmuş iki kişi edam edilib.
İranda edamlar özəlliklə son bir ildə ölkədə etirazların yayılması fonunda kəskin artıb. Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini, guya, hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib, bundan sonra İranı etirazlar bürüyüb.
"Amnesty International" bildirir ki, Tehran rejimi dünyada Çindən sonra ən çox adam edam edən ölkədir.
BMT-nin baş katibi Antonio Quterreş noyabrın 2-də açıqlanmış hesabatda qeyd edirdi ki, İranda edamlar "təşviş yaradacaq şəkildə" artır. Bu ilin ilk yeddi ayında İranda azı 419 nəfərin edam olunduğu bildirilirdi.