Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərova dövlətə xəyanət ittihamıyla 16 il həbs cəzası kəsilib. Bu hökm Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.
Z.Əsgərovun 42 yaşı var və o, iki ildir ki, həbsdədir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) onunla bağlı 2022-ci ilin noyabrında yaydığı məlumatda iddia olunur ki, Z.Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı dövrdə bu ölkənin xüsusi xidmət orqanının nümayəndələri onu məxfi əməkdaşlığa cəlb ediblər.
İttihama görə, Z.Əsgərov Azərbaycana qarşı istifadə oluna biləcək bir sıra məlumatları onlara ötürərək, casusluq edib. Söhbət Azərbaycandakı xarici şirkət və nümayəndəliklərin fəaliyyətindən, Hərbi Dəniz Qüvvələrinin təlimlərindən, neft platformalarına daşınan yüklərdən və s. məlumatlardan gedir.
Z.Əsgərov özünü təqsirli bilmir, dövlətə xəyanət ittihamının tam əsassız olduğunu, şərlənərək həbs edildiyini söyləyir.
Onun sözlərinə görə, gəmidə işləməklə yanaşı, həm də İranın “İRNA News” saytının Cənubi Qafqaz üzrə əməkdaşı olub və bütün Qafqazda baş verən hadisələr barədə xəbərləri sayta göndərib.
O vurğulayıb ki, əlində məxfi sayıla biləcək heç bir məlumat və ya görüntü olmayıb, bu üzdən, onları kimlərəsə ötürməsi də mümkün deyil. Agentliyə göndərdiyi xəbərlər də açıq internet resurslarından götürülmüş bilgilərdir.
Məhkəmə onun bu ifadəsini inandırıcı saymadığından, istintaqdakı etiraf səciyyəli ifadəsini sübut kimi qəbul edib və onun haqqında ittiham hökmü çıxarıb.
Z.Əsgərov isə istintaqdakı ifadəni oxumadan imzaladığını bildirib.