İraqın nüfuzlu ruhanisi Müqtəda əs-Sədr tərəfdarlarını Bağdaddakı “Yaşıl Zona”dan geri çəkilməyə çağırıb. Son 24 saat ərzində təhlükəsizlik qüvvələri ilə İranın dəstəklədiyi rəqib şiə qruplarının toqquşmaları nəticəsində azı 30 nəfər öldürülüb.
Avqustun 30-da televiziya ilə çıxışında əs-Sədr tərəfdarlarına ərazidən çıxmağa bir saat vaxt verib. Ruhaninin yüzlərlə tərəfdarı hökumət sarayına girib, parlamentin binası qarşısında oturaq aksiya keçirir.
***
Bağdadda Yaşıl Zona deyilən ərazidə toqquşmalarda 23 nəfər öldürülüb. İraqın nüfuzlu din xadimi Müqtəda əs-Sədrin tərəfdarları İranın dəstəklədiyi rəqib şiə qrupları ilə artan gərginlik fonunda hökumət binalarına basqın edib.
Avqustun 29-da baş vermiş iğtişaşlarda azı 380 nəfər yaralanıb.
İğtişaşlar əs-Sədr siyasətdən gedəcəyini elan edəndən sonra başlanıb.
Avqustun 30-da İran İraqla quru sərhədlərini bağlayıb. Zorakılıq səbəbindən İrana uçuşlar da dayandırılıb.
Buna da bax: İranyönlülərin İraq seçkisində məğlub olduqları xəbər verilirBu arada milyonlarla iranlı İraqda müqəddəs şiə yerlərinə illik ziyarətə hazırlaşır.
İran sərhədlərin bağlanmasını İraq şəhərlərində “iğtişaşları” və “komendant saatı”nın tətbiqiylə izah edib. İranlılara İraqa səyahət etməmək, İraqdakı iranlı zəvvarlara isə şəhərlərarası səyahətə çıxmamaq xəbərdarlığı olunub.
Küveyt də İraqdakı vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb. KUNA dövlət xəbər agentliyi İraqa getmək istəyənləri planlarını təxirə salmağa səsləyib.
BMT-nin İraqdakı Yardım Missiyası (UNAMI) iğtişaşları “həddən artıq təhlükəli eskalasiya” adlandırıb, tərəfləri “hadisələrin qarşısıalınmaz zəncirinə apara biləcək hərəkətlərdən çəkinməyə çağırıb”.