Nazirlər Kabineti İşlər İdarəsinin müdiri Hikmət Xəlilovun şikayətilə həbs olunan işadamına - “SV Group” təmir-tikinti şirkətinin rəhbəri Vahid Xələfova 14 il həbs cəzası kəsilib. Bu qalmaqallı cinayət işində 4 milyon manatdan çox puldan söhbət gedir.
H.Xəlilov iddia edir ki, şirkət rəhbəri avtomobilinin qarşısını kəsərək, onu hədələyib və 4 milyon 165 min manat tələb edib. Onun sözlərinə görə, səhər saatlarında yaşadıqları Şağan qəsəbəsində həyat yoldaşıyla birlikdə işə gedərkən, küçədə əynində ağ kombinezon olan bir nəfər görüb. Həmin adamın küçədə dezinfeksiya işləri gördüyünü düşünüb. Avtomobili sürməyə başlayanda, həmin şəxs qarşısını kəsib və pəncərədən pnevmatik tapança ilə onu hədələyərək, pul tələb edib.
Əlli beş yaşlı V.Xələfov bir ildir həbsdədir. O, Nazirlər Kabineti idarə müdirinin yalan danışdığını deyir və bildirir ki, H.Xəlilov haqsız olduğu halda, vəzifəsindən yararlanaraq, onu həbs etdirib.
Buna da bax: Qırğızıstan rəhbərliyinə sui-qəsddə ittiham olunanlar Azərbaycana verilib“Özünün, ailə üzvlərin ev və obyektlərini biz təmir elətdirmişik”
İşadamının sözlərinə görə, H.Xəlilov Nazirlər Kabinetindən öncə Prezident Administrasiyasında vəzifə tutub. Tanışlıqları da elə o vaxt olub. Sonra birlikdə işləməyə başlayıblar.
“Bizim tikinti şirkətimiz vardı. O da Prezident Administrasiyasında dövlət layihələrində bizim kurator idi. Onun sifarişiylə çoxlu sayda evin, ofis binalarının təmir-tikintisini həyata keçirmişik. Hətta onun özünün, ailə üzvlərinin evlərini, obyektlərini də biz təmir elətdirmişik”, - təqsirləndirilən işadamı Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.
V. Xələfov təmir-tikintisini apardığı və H.Xəlilova məxsus əmlaklar arasında Qobu qəsəbəsində tikinti materialları zavodu “Sapphire Plaza”nın da olduğunu söyləyib.
Aralarındakı problemə gəlincə, o danışır ki, son vaxtlar H.Xəlilov təmir-tikintiyə xərclənən pulları ödəmədiyindən, 4 milyon manatdan çox borc yaranmışdı. Bu üzdən, aralarında narazılıq yaranıb, görüşüb bu məsələni müzakirə ediblər. Həmin görüşdən sonra H.Xəlilov onun rəhbərlik etdiyi şirkətin hesabına 500 min manat köçürsə də, ardından ödənişlər yenidən dayanıb:
“Bir də onu eşitdim ki, arvadı guya Qobuda onun adına olan torpaqda onlardan xəbərsiz zavod tikməyim barədə şikayətlə məni məhkəməyə verib. Öz zavodlarıdır, özləri tikib, özləri işlədir. Sadəcə, Hikmət Xəlilov özü məmur idi, bizneslə məşğul ola bilməzdi. Ona görə öz adına eləmirdi”.
O əlavə edib ki, H.Xəlilov bu məhkəmə iddiasıyla evini də əlindən alıb.
V.Xələfov vurğulayıb ki, dediklərinin həqiqət olduğunu aralarındakı yazışmalar da sübut edir.
H. Xələfov ünvanına səslənən ittihamlarla razılaşmır və deyir ki, V.Xələfov dəfələrlə ondan pul tələb edib.
Buna da bax: Pandemiyadan sonra taksi xidmətinə keçib, amma yenə işsiz qala bilər...“Bu qədər absurd danışmaq olmaz”
Nazirlər Kabinetinin idarə rəisi V.Xələfovla görüşdən sonra onun şirkətinin hesabına 500 min manat köçürməsi haqda deyilənləri təsdiqləyir, ancaq iddia edir ki, həmin pul borcunun bir hissəsinin qaytarılması deyildi. Onun sözlərinə görə, restoranda görüşdən sonra V.Xələfov onu çıxıb getməyə qoymurdu. Bu üzdən, məcbur qalıb, onun hesabına yarım milyon köçürüb.
“Bu qədər absurd danışmaq olmaz. Elə şey olarmı ki, bu boyda vəzifə sahibini restorandan çıxmağa qoymayasan, o da sadəlövhcəsinə yarım milyon pul köçürsün? Belə hadisə olsaydı, restoranda dünyanı dağıdardı”, - V.Xələfov məmurun ona böhtan atdığını vurğulayıb.
H.Xəlilov işadamı onun haqqında prezidentə şikayətlər yazdığından, həyat yoldaşının da məhkəmədə ona qarşı 500 min manatlıq iddia qaldırdığını etiraf edib.