O, siyasi baxışlarına görə işdən çıxarıldığını deyir
Az qala, 40 ildir çalışdığı Sabirabad rayonu, Türkəndi kənd orta məktəbindən uzaqlaşdırılan fizika müəllimi Sahib Rüstəmli Avropa İnsan Haqları Məhkəməsinə üz tutacağını deyir. O, yanvarın 21-də Bakıda keçirdiyi mətbuat konfransında bu fikrini dilə gətirib.
“Məni siyasi baxışlarıma görə işdən çıxarıblar”
AXCP Ali Məclisinin üzvü olan Sahib Rüstəmlinin fikrincə, əmrdə üzrsüz işə gəlməməyini əsas göstərsələr də,onu siyasi baxışlarına, müxalifətin keçirdiyi etiraz mitinqlərinə qatıldığına görə işdən çıxarıblar.
Sahib Rüstəmli Kərbəla səfəriylə bağlı bir müddət işdən qaldığını etiraf etsə də, bu məsələnin hələ xeyli əvvəl istər məktəb direktoru, istərsə rayon təhsil şöbəsinin rəhbərliyi ilə razılaşdırıldığını deyir:
“Siyasi fəaliyyətimin işimə heç bir maneçiliyi, aidiyyəti yox idi. Mən Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə iştirak eləmişdim. Sentyabrın 17-də keçiriləcək mitinqə də qatılacaqdım və hər ikisi qeyri-iş günlərində idi. Amma sentyabrın 15-də Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarıguya polisə müqavimət göstərdiyimi, ictimai asayişi pozduğumu iddia edib, məni şərlədilər və 15 gün inzibati həbs cəzası verdilər. Hələ aylar öncə oktyabrın əvvəlində Kərbəla səfərinə çıxmağı planlaşdırırdım. Bu haqda məktəb direktoruna da öncədən məlumat vermiş, öz hesabıma məzuniyyət götürmək istədiyimi bildirmişdim. Hətta yeni tədris ilinin başlanğıcında dərs bölgüsü aparılanda da buna görə az dərs götürmüşdüm. Olmadığım müddətdə hansı müəllimlərin məni əvəzləyəcəyi də bilindiyindən, buna uyğun dərs cədvəli tutulmuşdu”.
Müəllim bildirir ki, həbsdən buraxılandan sonra Kərbəla səfərinə icazə almaq üçün Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayevin yanına gedib. O isə deyib ki, ərizəni məktəb direktoruna vermək lazımdır. Sahib Rüstəmlinin sözlərinə görə, o da aparıb ərizəni direktora təqdim edərək, çıxıb gedib. Amma Kərbəla səfərində olarkən, xəbər alıb ki, onu işdən çıxarıblar:
“Bir neçə il əvvəl mən 58 günlük Məşhəd səfərində olanda da eyni qaydada icazə alıb, gedib-gəlmişdim”.
Sahib Rüstəmli deyir ki, siyasi mövqeyinə, o cümlədən sosial şəbəkələrdə hökumətin ünvanına tənqidi yazılarına görə onu çoxdan işdən çıxarmaq istəyir və bir bəhanə axtarırdılar.
İşdən çıxarılan müəllim bildirir ki, özü ilə yanaşı, ailə üzvləri də təzyiqə məruz qalır:
“Oğlumu da şərləyib 20 sutka həbs elədilər. “Facebook” səhifəmi ələ keçirib özümün və ailə üzvlərimin özəl fotolarını qeyri-etik ifadələrlə paylaşdılar. Ardınca oğlumu da işdən çıxardılar”.
Sahib Rüstəmli işdən çıxarılması ilə əlaqədar məhkəməyə üz tutub. Onun hüquqlarını Qurban Məmmədov müdafiə edir:
“Yerli məhkəmələrdən ədalətli nəticə gözləntim yoxdur. Sadəcə, bu işi Avropa Məhkəməsinə çıxarmaqdan ötrü yerli məhkəmələri keçmək vacibdir. Ona görə müraciət etmişəm”.
“İşə gəlməyib, ona görə də çıxarılıb”
Türkəndi kənd orta məktəbinin direktoru Eyvaz Abbasov AzadlıqRadiosuna bildirib ki, Sahib Rüstəmli işə gəlmədiyi üçün çıxarılıb, başqa heç bir səbəb axtarmaq lazım deyil:
“Oktyabrın 15-dən 30-dək icazəsiz işdən qalıb. Oktyabrın 30-da işə çıxıb, noyabrın 5-dək işdə olub, noyabrın 6-dan 26-dək yenə işə gəlməyib. Akt tərtib olunub, sənədləşdirilib və qərar verilib. Fakt odur ki, iki dəfə uzun müddət icazəsiz işə gəlməyib”.