ABŞ Dövlət Departamentinin İsrail Müdafiə Ordusunun bölmələrindən biri "Netzah Yehuda"ya sanksiyalar tətbiq etmək niyyətində olduğu bildirilir.
Departamentin məlumatına görə, bu bölmənin əsgərləri İordan çayının Qərb sahilində fələstinli ərəblərin hüquqlarını pozur, - "Axios" mənbələrə istinadən yazır.
"Netzah Yehuda" batalyonunda ultradini icmalardan olan israillilər xidmət çəkirlər. Sanksiyalar o deməkdir ki, bölmə ABŞ-dan heç bir yardım və ya təlim ala bilməyəcək.
Nəşrin həmsöhbətləri deyiblər ki, bu qərar Dövlət Departamentinin xüsusi komissiyasının batalyonun fəaliyyəti ilə bağlı araşdırması əsasında qəbul edilib. Təhqiqat 2022-ci ilin sonlarında fələstinlilərə qarşı zorakılıqda hərbçilərin iştirakı ilə bağlı xəbərlərdən sonra başlayıb.
"Axios"un məlumatına görə, araşdırmanın səbəblərindən biri 2022-ci ilin yanvarında Fələstin əsilli 78 yaşlı amerikalı Ömər Əsədin ölümü olub. "Netzah Yehuda" əsgərləri onu İordan çayının Qərb sahilində bir kənddəki keçid məntəqəsində saxlayıblar. Bildirildiyinə görə, Ömər Əsəd yoxlamadan keçməkdən imtina edib, onun əllərini qandallayıb soyuqda saxlayıblar. Bir neçə saat sonra onun ürəktutmasından öldüyü, bundan sonra iki israilli zabitin işdən çıxarıldığı vurğulanır.
2022-ci ilin dekabrında İsrail "Netzah Yehuda" bölməsini İordan çayının Qərb sahilindən çıxarıb. Bundan sonra batalyon, əsasən, ölkənin şimalında olub və Qəzza zolağında döyüşlərdə iştirak edib.
"Axios" qeyd edir ki, ABŞ bununla ilk dəfə İsrail ordusunun bölməsinə sanksiya tətbiq etmiş olacaq. Bunun ardınca İsrail ordusu və polisinin İordan çayının Qərb sahilində fəaliyyət göstərən bölmələri ilə bağlı digər oxşar addımlar da atıla bilər.
İsrailin baş naziri Benyamin Netanyahu "Netzah Yehuda" batalyonuna mümkün sanksiyaları "absurdluğun zirvəsi" adlandırıb.