Azərbaycanın tələbi İsraillə münasibətlərini korlaya bilər

Alexander Lapshin

Bakı Qarabağa səfər etmiş israilli bloqqerin ekstradisiyasında israrlıdır. Bu isə Azərbaycanla İsrailin diplomatik münasibətlərinə xələl gətirə bilər. İsrailin «The Times of Israel» qəzeti belə yazır.

İSRAİL XAHİŞ, AZƏRBAYCAN İSRAR EDİR

Bloqqer Alexander Lapshin Qarabağa dəfələrlə gedib və bunun üçün Bakıdan icazə almadığından 2011-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyinin «qara siyahı»sına düşüb.

Keçən həftə Azərbaycan hökuməti A.Lapshin-i Azərbaycanın Dövlət sərhədi qanununu pozduğuna görə beynəlxalq axtarışa verib. Dekabrın 13-də Minsk milisi onu saxlayıb. Hazırda Azərbaycan və Belarus diplomatları A.Lapshin-in ekstradisiyası məsələsini müzakirə edirlər.

«The Times of Israel» qəzeti yazır ki, keçən bazar İsrail hökuməti Belarus rəhbərliyinə müraciət edərək, bloqqeri Bakıya göndərməməyi xahiş edib. Amma Azərbaycan rəsmiləri İsrail diplomatlarına ekstradisiya məsələsində geriyə çəkilməyəcəklərini söyləyiblər.

MÜNASİBƏTLƏR KORLANA BİLƏR

Qəzet yazır ki, Azərbaycan hökuməti A.Lapshin-i həbs etməklə onu örnəyə çevirmək istəyir. Çünki Qarabağa səfər etməkdən başqa, bloqqer öz səhifəsində bu qanunsuz rejimi tərifləyib, Qarabağı «müstəqil ölkə» adlandırıb. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev haqqında tənqidi yazılar yazıb.

«The Times of İsrael» bloqqerin həbsinin İsrailin baş naziri B.Netanyahu-nun Bakıya səfəriylə eyni vaxta düşdüyünü, görüşlərdə Azərbaycanla İsrail münasibətlərinin istiliyinin nəzərə çarpdığını vurğulayır.

Amma İsrailin Xarici İşlər Nazirliyi rəsmilərindən birinin yerli «Haaretz» qəzetinə dediyinə görə, bloqqerin ekstradisiyası məsələsi münasibətləri ciddi şəkildə korlaya bilər.

Müəllif Azərbaycanın İsrailin mühüm tərəfdaşlarından biri olduğunu, bu ölkəyə neft satdığını, İsraildən son illər 5 milyon dollarlıq silah aldığını xatırladır.