İsrailin baş naziri Binyamin Netanyahu noyabrın 22-də səhər Qəzza sektorunda azı dörd günlük atəşkəs elan edib. Bu müddətdə HƏMAS radikal qruplaşması (ABŞ və Aİ tərəfindən terrorçu sayılır) 200-dən çox girovun azı 50-sini azad etmək öhdəliyi götürüb. HƏMAS-ın radikal silahlıları oktyabrın 7-də İsrailə hücum edərək azı 240 nəfəri girov götürüb, min 200 nəfər öldürülüb.
İsrail hökuməti noyabrın 22-nə keçən gecə xüsusi iclasda HƏMAS-la razılaşmanın şərtlərini təsdiqləyib. Razılaşmanın birinci mərhələsində radikal silahlılar dörd gün ərzində azı 50 girovu buraxmalıdırlar. Netanyahunun sözlərinə görə, sonrakı mərhələdə atəşkəs rejimi uzadıla, hər 10 girovun azad olunması qarşılığında bir gün əlavə oluna bilər.
Ancaq Netanyahu bəyanatında İsrail həbsxanalarından fələstinlilərin buraxılmasına toxunmayıb.
Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşmada İsrail həbsxanalarında saxlanan fələstinli məhkumların – qadınların və yeniyetmələrin bir qisminin azad edilməsi də nəzərdə tutulurdu. 150-dən 300-dək müxtəlif rəqəmlər səslənirdi. Qətərin Xarici İşlər Nazirliyi isə rəsmi bəyanatında İsrailin azad edəcəyi fələstinlilərin sayını açıqlamır.
Atəşkəs nə vaxt qüvvəyə minəcək
ABŞ prezidenti Co Bayden (Joe Biden) İsraillə HƏMAS arasında razılaşmanın əldə olunmasını alqışlayıb. O, bütün aspektlərin icra olunacağına ümidini bildirib.
Atəşkəs rejimində İsrail qüvvələri Qəzzadakı mövqelərində qalacaqlar, anklavın şimal hissəsini tərk etmiş sakinlərin qayıtmaq imkanı olmayacaq. Bu dönəmdə Qəzzaya humanitar yardım və yanacaq maşınları buraxılacaq.
Ancaq atəşkəsin noyabrın 23-dən tez qüvvəyə minməyəcəyi gözlənilir, çünki İsrailin məhkəmə orqanları əvvəlcə bu sənədin qanuniliyini dəyərləndirməlidir. Günə 12 girovun buraxılması gözlənilir.
HƏMAS-ın hücumundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Qəzzadakı rəsmiləri azı 12 min nəfərin öldürüldüyünü bildirirlər.