Noyabrın 9-da İsrail Qəzza şəhərinə havadan zərbələr endirib, əsgərlər isə HƏMAS silahlı radikalları ilə küçə döyüşləri aparırlar. "France Presse" (AFP) minlərlə fələstinlinin evini tərk edərək cənuba üz tutduğunu yazır.
Bir aydan çoxdur davam edən intensiv bombardmanının ardınca döyüş zonalarında yüz minlərlə insan ağır humanitar vəziyyətlə üzləşib, yetərincə ərzaq və suyu yoxdur. Bunu BMT bildirir.
İsrailin müdafiə naziri Yoav Qalant noyabrın 8-də deyib ki, qüvvələri Qəzza ətrafındakı halqanı daraldır. İsrail HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq zərbələrə başlayıb. HƏMAS İsraildə azı 240 nəfəri girov götürüb, min 400 nəfəri öldürüb.
HƏMAS-ı məhv edəcəyini deyən İsrail bu radikal qruplaşmanın idarə etdiyi Qəzzanı amansız bombardmana, quru hücumuna başlayıb. Qəzzadakı səhiyyə orqanları çoxu uşaq olmaqla 10 min 500-dən çox insanın öldürüldüyünü deyirlər.
"Evlərimizi, uşaqlarımızı itirmişik. Dünya ictimaiyyəti haradadır?", – qaçanlar arasında olan Nuh Hammuda deyib.
"Amansız bombardmana görə evlərimizdən çıxdıq. İndi hara gedə bilərik?", – Hammuda sözlərinə əlavə edib.
Bir qrup girovun buraxılması üçün danışıqlar aparıldığı deyilir
İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada atəşkəslə bağlı təklifləri dəfələrlə rədd edib. O, noyabrın 8-də bir daha deyib ki, Qəzzadakı girovlar buraxılmayınca atəşkəs olmayacaq.
HƏMAS-a yaxın mənbənin dediyinə görə, 12 girovun, o cümlədən altı amerikalının üçgünlük atəşkəs qarşılığında buraxılması üçün danışıqlar aparılır.
Birləşmiş Ştatlar İsrailin atəşkəsi rədd etməsini dəstəkləyir. Ancaq G7-nin xarici işlər nazirləri noyabrın 8-də Yaponiyada deyiblər ki, müharibədə humanitar fasilələri və dəhlizləri dəstəkləyirlər.
İsrail əsgərləri HƏMAS-ın tunellərini və yeraltı bazalarını hədəfə alır, eyni zamanda havadan vərəqələr buraxmaqla, mətn mesajları göndərməklə Qəzzanın şimalındakı dinc sakinlərə cənuba qaçmağı əmr edir.
Ordu təkcə noyabrın 8-də Qəzzanın şimalındakı əsas döyüş zonasında 50 min nəfərin evlərini tərk etdiyini bildirib. İndiyədək anklavın cənubuna 1.5 milyondan çox insanın getdiyi bildirilir.
"Ona görə gedirlər ki, HƏMAS-ın şimala nəzarəti itirdiyini, cənubda daha təhlükəsiz olduğunu anlayırlar", – İsrail ordusunun sözçüsü Daniel Haqari söyləyib.
BMT rəsmisinin açıqlaması
BMT də köç edənləri sayını təsdiqləyir, döyüş zonalarında vəziyyətin ağır olduğunu bildirir.
BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İsrailin bombardmanını, qəzzalılara cənuba köçməyi əmr etməsini pisləyib.
"İsrailin fələstinli dinc sakinləri kollektiv cəzalandırması da hərbi cinayətə bərabərdir", – o, Misirlə Qəzza arasındakı "Rəfah" keçidində jurnalistlərə deyib. Qəzzadan bu yeganə yol İsrailin nəzarətində deyil.
Noyabrın 8-də Misirdən Qəzzaya azı 100 yardım maşını göndərilib. Ötən ay münaqişə başlayandan göndərilən yük maşınlarının sayı 756-ya çatıb.
İsrail 2005-ci ildə Qəzza zolağından çıxıb. İki il sonra HƏMAS bu Fələstin anklavına nəzarətə başlayanda isə ərazini hava, dəniz və qurudan blokadaya salıb.