İsrail ordusu yanvarın 30-da bildirib ki, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının hücum tunellərinə su vurur. Bu arada Qəzzada intensiv döyüşlər gedir, beynəlxalq vasitəçilər isə dörd aya yaxındır gedən müharibədə fasilə əldə olunmasına çalışır.
Hazırda döyüşlərin episentri Qəzzanın cənubundakı Xan Yunis şəhəridir.
İsrail ordusu HƏMAS-ın "Qəzza metrosu" adlandırdığı yeraltı tunellər şəbəkəsinə su vurmaq taktikasını seçdiyini bildirib.
Girovların tunellərdə saxlandığı deyilir
Oktyabrda İsrail-HƏMAS müharibəsi başlayanda Qəzzada 500 km-lik min 300 tunelin olduğu bildirilirdi. Bunu ABŞ-ın "West Point" hərbi akademiyasının araşdırması üzə çıxarmışdı.
HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək min 200-ə yaxın insanı qətlə yetirib, azı 240 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. 132 nəfər hələ də girovluqdadır. Ancaq onlardan azı 28 nəfərin öldürüldüyü güman edilir.
Bombardman nəticəsində Qəzzada çoxu qadınlar və uşaqlar olmaqla 26 mindən çox insanın öldürüldüyü bildirilir. Onların neçəsinin mülki, neçəsinin silahlılar olduğu açıqlanmır.
İsrail ordusu girovlardan çoxunun tunellər şəbəkəsində saxlandığını deyir.
Dekabrda İsrail mediası yazırdı ki, ordu tunellərə Aralıq dənizinin suyunu vurmağa meyllidir, ancaq ekspertlər bunun təhlükəli olması, dinc sakinlərə böyük risk yaradacağı barədə xəbərdarlıq edirdilər.
HƏMAS təklifi öyrənir
Bazar günü - yanvarın 28-də Parisdə ABŞ, İsrail, Misir və Qətər rəsmiləri yeni atəşkəs əldə olunması üzrə danışıqlar aparıb, çərçivə razılaşması əldə ediblər.
HƏMAS yanvarın 30-da deyib ki, təklifi qəbul edib, "bunu təhlil etmə və cavab hazırlama prosesindədir".
İsrailin baş naziri Binyamin Netanyahunun ofisi daha öncə danışıqları "konstruktiv" adlandırmışdı. Amma o, Qəzzada döyüşün dayandırılması qarışlığında minlərlə fələstinli məhbusu buraxmağı istisna edib.