Sentyabrın 26-da Avropa İttifaqı (Aİ) İsraili və İranın dəstəklədiyi, ABŞ-nin terrorçu təşkilat saydığı "Hizbullah" qruplaşmasını "diplomatiyaya yer ayırmaqdan ötrü" dərhal 21 günlük atəşkəs elan etməyə çağırıb. Livan-İsrail sərhədində intensiv hava zərbələri quru işğalı sarıdan qorxuları gücləndirib.
"2023-cü il oktyabrın 8-dən bəri Livanla İsrail arasında vəziyyət dözülməzdir, daha geniş regional eskalasiya kimi qəbuledilməz risk yaradır", – 27 üzvdən ibarət blok sentyabrın 26-da bəyanatda bildirib.
"Bu heç kəsin, nə İsrail, nə də Livan xalqının marağındadır. Sərhədin hər iki tərəfində yaşayan dinc sakinlərin evlərinə təhlükəsiz qayıtmasından ötrü diplomatik həllin vaxtı çatıb", – bəyanatda vurğulanır.
Sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ, Fransa və bir neçə başqa müttəfiq 21 günlük atəşkəsə dəstək yığmaqdan ötrü diplomatik dəhlizlərdə işləyiblər. İsrailin İranın dəstəklədiyi, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması ilə savaşdığı Qəzza zolağında da döyüşlərə fasilə verilməsi istənilir.
Atəşkəs planı
Diplomatlar deyirlər ki, atəşkəs İsrail və Livan arasındakı "Mavi xətt" adlı demarkasiya xəttində tətbiq ediləcək, tərəflərə imkan verəcək ki, münaqişənin potensial diplomatik həlli üçün danışıqlar aparsınlar.
"Bütün tərəfləri, o cümlədən İsrail və Livan hökumətlərini dərhal müvəqqəti atəşkəs elan etməyə... diplomatik həllə real şans verməyə çağırırıq", – Aİ bildirib.
"Bunun ardınca bu müddət ərzində Livanla İsrail arasında razılaşma əldə etmək üçün bütün diplomatik səylərə tam dəstək verməyə..., bu münaqişəyə birdəfəlik son qoymağa hazırıq", – bəyanatda daha sonra vurğulanır.
Ancaq diplomatik səylərə rəğmən, İsrail ötən gecə Bekaa vadisində "Hizbullah"ın 75 hədəfini vurduğunu bildirib. İsrail deyir ki, şimal sərhədinin təhlükəsizliyini, on minlərlə sakinin evinə qayıtmasını təmin etməyə çalışır. Həmin sakinlər "Hizbullah" ilə İsrail arasında davamlı raket atəşi nəticəsində evlərini tərk etməli olublar.
"Reuters" Livanın Yunin şəhərinin merinə istinadla yazır ki, zərbələrdən biri azı 23 suriyalının həyatına son qoyub, onların çoxu qadınlar və uşaqlar olub. Zərbə üçmərtəbəli binanı hədəfə alıbmış.