İyulun 16-da Qəzza sektorunda İsrail hərbçiləri ilə fələstinli ekstremistlər arasında döyüşlər davam edib. Qəzzada HƏMAS-ın nəzarətində olan tibb xidmətlərinin məlumatına görə, sektorun cənub və mərkəz hissələrində azı 57 nəfər İsrail bombardmanının qurbanı olub. Məlumatı "Reuters" yayıb.
AP isə bir zərbənin minlərlə köçkünün yerləşdiyi "təhlükəsiz zona"ya endirildiyini yazır.
Dinc sakinləri ölümü haqda məlumatlar araşdırılır
ABŞ, Böyük Britaniya və Aİ-nin terrorçu saydığı HƏMAS İsrailin ərəb vasitəçilər və Vaşinqtonun atəşkəs əldə olunması uğrunda səylərini pozmaq üçün Qəzzaya zərbələri gücləndirdiyini deyir. İsrail isə bildirir ki, Qəzzanı cihadçılardan təmizləməyə çalışır.
İsrailin maydan mövqe tutduğu Rəfah şəhərində isə beş fələstinli mülki evə hava zərbəsinin qurbanı olub. Bu haqda fələstinli həkimlər məlumat veriblər. Rəfah yaxınlığındakı Xan-Yunisdə iki uşaq və onların valideynləri öldürülüb.
İyulun 17-də axşam İsrailin avtobusa hava zərbəsindən azı 17 fələstinlinin öldürüldüyü, 26-sının yaralandığı bildirilir. Bu barədə yenə də Qəzzanın cənubunda HƏMAS-ın nəzarətində olan tibbi mənbələr məlumat verib.
Ölü sayını müstəqil təsdiqlətmək mümkün olmayıb.
İsrail dinc sakinlərin ölümünə dair məlumatların araşdırıldığını bildirib.
"Təhlükəsiz zona"
AP yazır ki, Aralıq dənizi sahili boyunca 60 kv.km-lik ərazidə yerləşən "təhlükəsiz zona", demək olar, hər gün vurulur. İsrail quru hücumlarından qaçan fələstinlilərə həmin zonaya sığınmağı tövsiyə edir. İsrail bildirir ki, yeraltı tunel şəbəkələri üzə çıxarılandan sonra dinc sakinlər arasında gizlənən HƏMAS yaraqlılarını təqib edir.
Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.
İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 38 min nəfərin həlak olduğu xəbər verilir. Ancaq bunların neçəsinin döyüşçü, neçəsinin dinc sakin olduğu deyilmir.
Müharibə sahilyanı Fələstin ərazisində humanitar fəlakətə səbəb olub, 2.3 milyon əhali, əsasən, didərgin düşüb, irimiqyaslı aclıq başlanıb.