Qəzzədə son durum: ölü sayı artır, on minlərlə insan köçkün düşüb

  • İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzzada 120-dən çox mülki vətəndaşı girov saxladığını təsdiqləyib.

  • Qəzzanın daxili işlər nazirliyinin məlumatına görə, İsrailin hava hücumları Qəzzanın şimalını təxliyə edən 70 nəfəri öldürüb, 200 nəfəri yaralayıb.
  • BMT bildirir ki, Qəzzada 423 min insan didərgin düşüb.
  • Rusiya BMT Təhlükəsizlik Şurasında humanitar atəşkəsə çağıran qətnamə təqdim edib.




Qəzzənin şimalında yaşayan əhali İsrailin gözlənilən quru hücumundan əvvəl qaçır. İsrail rəsmiləri bugün axşam dördə qədər əhalinin təxliyyəsi üçün Qəzzənin cənub istiqamətində iki təhlükəsiz yol açdıqlarını bildirir.

İsrail ordusu iki Həmas komandirini öldürdüyünü açıqlayıb

Bu barədə İsrail ordusunun rəsmiləri məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə öldürülən komandirlər Merad Abu Merad və Ali Qadidir.

Qeyd edək ki, oktyabrın 7-də Həmas qruplaşmasının İsrailə hücumunun ardından İsrail ordusu Qəzzə bölgəsini bombalamağa davam edir. Yaxın zamanda İsrail ordusunun quru əməliyyatlarına başlayacağı gözlənilir. Bugünə qədər Qəzzədə ölənlərin sayı iki min nəfəri keçib.

Buna da bax: İsrail-Fələstin mübahisəsi: dövlətçilik, Yerusəlim, qaçqınlar

BMT on minlərlə fələstinlinin köçkün düşdüyünü açıqlayıb

Reuters BMT rəsmilərinə istinadən yazır ki, İsrailin cümə günü Qəzzənin şimal bölgəsinin təxliyyə edilməsini tələb etməsinin ardından on minlərlə fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb.

Buna qədər oktyabrın 7-dən sonra 400 minə yaxın fələstinli yaşadığı yerdən köçkün düşdüyü bildirilir.

"Qəzzə sakinlərinə su, qida və yanacaq çatdırılması üçün təxirəsalınmaz şəkildə humanitar girişin açılmasına ehtiyacımız var" - bu sözləri BMT baş katibi Antonio Queterreş deyib.