İstanbulda partlayış olub, ölən və yaralananlar var

Türkiyə, təcili tibbi yardım maşınları, arxiv foto

Hələki partlayışın səbəbləri barədə məlumat verilmir

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan altı nəfərin öldüyünü, 50-dən çox yaralının olduğunu bildirib.

Xəbərləri İstanbul valisi Əli Yerlikaya təsdiqləyib. Qurbanların sayının arta biləcəyi ehtimal edilir. İstanbul prokurorluğu hadisənin terror versiyasını istisna etmir.

Erdoğanın sözlərinə görə, bunu istintaqın ilkin məlumatları göstərir. Hələlik heç kim partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. Son illər Türkiyənin ən böyük şəhərində İslam Dövləti terror qruplaşması tərəfindən bir neçə partlayış törədilib.

Azərbaycan prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramov İstanbulda baş verən hadisə ilə bağlı Türkiyəyə başsağlığı verib.

***

Bazar günü, noyabrın 13-də İstanbulun mərkəzində partlayış baş verib. İlkin məlumata görə, ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir. CNN Türk-ün yaydığı məlumata görə, partlayış nəticəsində ən azı 4 nəfər həlak olub, 38 nəfər yaralanıb. Partlayışın səbəbləri ilə bağlı hələki hansı açıqlama verilməyib.

Partlayış İstanbulun tam mərkəzində, adamların sıx olduğu İstiqlal küçəsində olub. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, partlama zamanı küçədə çoxlu adam olub.